Qərb Malidə dəstələrin təlimində iştirak etmiş ola bilər...

26 Aprel 2026 19:23 (UTC+04:00)

...Qərb təhlükəsizlik orqanları Malidə bir sıra koordinasiyalı hücumlar həyata keçirən dəstələrin təlimində iştirak etmiş ola bilər.

SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirib.

Bəyanatda Moskvanın “dost Afrika” respublikasındakı hadisələrlə bağlı dərin narahatlığı ifadə olunur.

Nazirlik qeyd edib ki, terrorçuların hərəkətləri Malinin sabitliyinə təhlükə yaradır və bütün region üçün mənfi nəticələrə səbəb ola bilər.

Bəyanatda vurğulanır ki, “...ilkin məlumata görə, təlimlərində Qərb təhlükəsizlik orqanlarının da iştirak etdiyi ehtimal edilən dəstələrin aradan qaldırılması üçün hazırda səylər davam edir”.

XİN-in məlumatına görə, heç bir Rusiya vətəndaşı zərər görməyib. Buna baxmayaraq, nazirlik Rusiya vətəndaşlarını müvəqqəti olaraq Maliyə səyahət etməkdən çəkinməyə və artıq ölkədədirlərsə, şəxsi təhlükəsizliklərini təmin etmək üçün lazımi tədbirləri görməyə çağırıb.

Deyilənlərə görə, 25 apreldə Afrika Korpusunda xidmət edən Rusiya qoşunları Malidə radikal islamçıların ən böyük hücumlarından birini dəf etməyə kömək edib.

Bildirilib ki, yaraqlılar eyni vaxtda dörd şəhərə hücum etmək üçün 2000-dən çox əsgərdən ibarət qüvvə toplaya biliblər. Hədəflər Kidal, Sevare, Qao və Katidəki hərbi obyektlər olub.

Əli Babayev