Qusarda “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilib

25 Aprel 2026 17:07 (UTC+04:00)

Qusarda “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki,Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi təbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan sərgi ilə tanış olublar.

Konfransda Yeni Azərbaycan Partiyası Qusar rayon təşkilatının sədri David İbramxəlilov Prezident İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan etməsi haqqında Sərəncamının bu sahədə elmi-tədqiqatların genişlənməsinə və müasir infrastruktur layihələrinin reallaşdırılmasına ciddi stimul verdiyini vurğulayıb.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün ölkədə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib. Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən söhbət açan M.Mərdanov Ümummilli Liderlə bağlı xoş xatirələrini bölüşüb.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti illərini Azərbaycan şəhərsalmasının intibah dövrü adlandırıb, bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun davam etdirildiyini, Qarabağda “ağıllı şəhər” konsepsiyası əsasında aparılan quruculuq işlərinin buna əyani sübut olduğunu bildirib. İcra başçısı Qusar rayonunda da geniş abadlıq-quruculuq işlərinin görüldüyünü vurğulayaraq, qusarlıların nizam-intizamını və dövlətçiliyə sədaqətini xüsusi vurğulayıb.

Konfransda çıxış edən Qusar rayonunun baş memarı Şahabbas Saruxanov və Bakı Dövlət Layihə İnstitutunun memarı Cabbar Muradov müasir Azərbaycanın şəhərsalma və memarlıq siyasətinin əsaslarının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd ediblər. Cabbar Muradov Qarabağda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində bilavasitə iştirak etdiyini bildirərək, bunun böyük məsuliyyət və stimul olduğunu bildirib. Şahabbas Saruxanov isə Qusar şəhərinin Baş planı, rayonda aparılan tikinti-quruculuq işləri və perspektiv layihələr barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına Fəxri Fərman və xatirə hədiyyələri, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir iştirakçıları yenidən qurulan və may ayında açılışı nəzərdə tutulan “ISFA Sporting” Şahmat Məktəbində olublar. Bildirilib ki, şahmat məktəbinin yenidən qurulması rayonda intellektual idman növlərinin inkişafına, gənclərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verəcək.

Konfrans iştirakçıları Qusar Rayon Mərkəzi Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyi münasibətilə keçirilən “Qəlbi ilə yazan, milləti ilə yaşayan şair” adlı şeir müsabiqəsini də izləyiblər. Müsabiqə zamanı məktəblilər Səməd Vurğunun “Azərbaycan”, “Şair, nə tez qocaldın sən”, “Ləzgi qızı” və digər məşhur şeirlərini səsləndiriblər.