"Neftçi" və "Qarabağ" azarkeşlərini qaydalara riayət etməyə çağırıblar - BİRGƏ BƏYANAT

25 Aprel 2026 17:00 (UTC+04:00)

"Neftçi" və "Qarabağ" klubları sabah Misli Premyer Liqasının XXIX turunda baş tutacaq qarşılaşmadan öncə azarkeşlərə səslənərək, onları qaydalara riayət etməyə çağırıblar.

SİA xəbər verir ki, hər iki klubun yaydığı birgə bəyanatda qeyd olunub ki, 26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti "Palms Sports Arena"ya yönələcək:

"Dörd gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir. Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq".

Birgə bəyanatda xatırladılıb ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur:

"Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir. Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir".

Qeyd edək ki, komandalar arasında görüş sabah "Palms Sports Arena"da saat 19:00-da start götürəcək.

Hazırda "Qarabağ" klubu 56 xalla ikinci, "Neftçi" isə 44 xalla 5-ci yerdə qərarlaşıblar.