Azərbaycan TDT nəqliyyat nazirlərinin 9-cu iclasında təmsil olunub

25 Aprel 2026 11:22 (UTC+04:00)

Azərbaycan Bişkekdə keçirilmiş "Qırğızıstan – regional qovşaq: qitələri birləşdirərək" adlı Beynəlxalq Nəqliyyat Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) nəqliyyat nazirlərinin 9-cu iclasında iştirak edib.

Bu barədə SİA -ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, tədbirdə ölkəmizi nazir müavini Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil edib, beynəlxalq logistika zəncirlərində baş verən dəyişikliklər, alternativ nəqliyyat marşrutlarının artan əhəmiyyəti, həmçinin Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) üzrə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Qeyd edilib ki, Orta Dəhliz regionlar arasında dayanıqlı və şaxələndirilmiş nəqliyyat əlaqələrinin təmin olunmasında mühüm rol oynayır. Bununla yanaşı, dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması məqsədilə inzibati prosedurların sadələşdirilməsi, tələblərin uyğunlaşdırılması və mövcud infrastruktur maneələrinin aradan qaldırılmasının vacibliyi vurğulanıb.

Səfər çərçivəsində, həmçinin Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Durmuş Ünüvar ilə ikitərəfli görüş keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.