Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası - 20 il - MƏQALƏ

24 Aprel 2026 11:05 (UTC+04:00)

​Bu il Azərbaycan həmkarlar ittifaqları Təhsil müəssisəinin yaranmasının 75 ili, həmkarlar ittifaqlarının ali təhsil müəssisəsi-Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının 20 ili tamam olur.

​Ona görə həmkarlar ittifaqları və Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası ilə əlaqəli olan dostlar üçün yubiley ərəfəsində akademiyanın keçdiyi yola ekskurs etməyi uyğun bildim.

​Azərbaycanda ilk həmkarlar ittifaqları təhsil müəssisəsi- Azərbaycan Həmkarlar İttifaqları Şurasının (AHİŞ) Kurslar Bazası (inkişaf etdikcə müxtəlif adlar daşımışdır.Axırıncı adı “Respublika Tədris-Metodiki və Mədəniyyət Kompleksi” olmuşdur) 1952-ci ildə yaradılmışdır.Kurslar Bazası həmkarlar ittifaqları kadr və fəallarının hazırlanmasında böyük inkişaf yolu keçərək ali təhsil müəssisəsi olan Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına çevrilmişdir.

​Azərbaycan həmkarlar ittifaqları orqanları üçün ali təhsilli kadrların hazırlanması üçün 1962-ci ildə SSRİ Həmkarlar ittifaqı hərəkatı Ali Məktəbinin (1990-cı ildə SSRİ Nazirlər Sovetinin qərarı ilə Əmək və Sosial Münasibətlər Akademiyası adlandırılmışdır) Bakı Tədris-Məsləhət Məntəqəsi (TMM) yaradılmışdır.TMM-nə Kurslar Bazasının direktoru rəhbərlik etmişdir.

​Azərbaycan sahə həmkarlar ittifaqları Respublika Komitələrinin göndərişi ilə Həmkarlar ittifaqı hərəkatı Ali Məktəbinə qəbul olmuş tələbələrin təhsili 4 il Bakı Tədris-Məsləhət Məntəqəsində təşkil olunurdu.Tələbələr axırıncı 5-ci kursu Moskvada davam etdirir, yekun dövlət imtahan sessiyasını orada bitirirdilər.

​1997-ci ildə AHİK-in sədri Səttar Mehbalıyevin təşəbbüsü ilə AHİK-in İcraiyyə Komitəsi Bakı Tədris-Məsləhət Məntəqəsinin Filiala çevrilməsi üçün Akademiyanın təsisçisi Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyasına müraciət etmişdir.

​Bundan sonra Akademiyanın rektoru, əməkdar elmi xadimi, iqtisad elmləri doktoru, professor, vaxtilə SSRİ Ali Sovetinin Palatasında Heydər Əliyevin rəhbərliyi altında çalışmış Nikolay Nikolayeviç Qritsenko Filialın yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevə məktub yazmışdır.

​Bundan sonra S.Mehbalıyev Ulu Öndərin qəbulunda olmuş və nəticədə həmişə həmkarlar ittifaqları orqanlarında çalışan kadrların xüsusi həmkarlar ittifaqı təhsilli olmasına önəm verən Ulu Öndərin köməkliyi ilə Filial 29 dekabr 1998-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış, 1999-cu ilin may ayında Rusiya, iyul ayında isə Azərbaycan Təhsil Nazirliklərinin lisenziyalarını almışdır.

​1999-cu ildə Filial iki ixtisas-“Əməyin iqtisadiyyatı və sosiologiyası” və “Mühasibat uçotu və audit” üzrə fəaliyyətə başladı.

​1999-2000-ci tədris ilində 38 tələbə qəbul oldu.İlk gündən tələbələrə,valideynlərə bildirildi ki, burada tam şəffaflıq prinsipinə əməl olunacaq,heç bir çirkin söz-söhbətə yol verilməyəcək.

​Həmkarlar ittifaqlarının təhsil sistemini təkmilləşdirmək məqsədilə AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə 2000-ci ildə Respublika Tədris-Metodiki və Mədəniyyət Kompleksi ləğv edilib,Filialın tərkibində “ Həmkarlar ittifaqları kadr və fəallarının ixtisasartırma və yenidən hazırlanması şöbəsi ” yaradıldı.

​Maliyyə vəziyyəti ilə əlaqədar maddi-texniki bazadakı ciddi çatışmazlıqlar çox çətinlik yaradırdı: tədris-texniki vasitələr, zəruri mebel, avadanlıqlar çatışmırdı.Binada istilik sistemi yox idi.Lakin bu çətinliklər və əmək haqqının azlığı təmiz, şəffaf prinsiplərlə formalaşmış mehriban kollektivimizi ruhdan salmadı,onların fədakarlığı və işə doğma münasibəti sayəsində akademiyamız dağılmadı, əksinə respublika ali təhsil məkanında möhkəmləndi.Hansıkı son 15 ildə bir neçə universitetlərin fəaliyyəti dayandırılmışdır.

​2001-ci ildə 3-cü ixtisas- “Maliyyə və kredit “ ixtisası , 2004-cü ildə daha 2 ixtisas- “Hüquqşünaslıq “ və “ İqtisadiyyatın hüququ tənzimlənməsi “ açıldı.Filial yüksələn xətlə inkişaf edirdi.

​Bunu nəzərə alaraq AHİK-in İcraiyyə Komitəsi 2005-ci ildə Filialın bazasında müstəqil ali təhsil müəssisəsi – Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının yaradılması haqqında qərar qəbul etdi.

​20 iyul 2006-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Əmək və Sosial Mnasibətlər Akademiyasının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verdi.

Lisenziyada 4 ixtisas :

- Mühasibat uçotu və audit;
- Maliyyə və kredit;
- Əməyin iqtisadiyyatı və sosiologiyası;
- İqtisadiyyatın hüquqi tənzimlənməsi.
ixtisasları üzrə kadr hazırlığına icazə verildi.

​Eyni zamanda Filialın 406 nəfər tələbəsi təhsillərini davam etdirmək üçün Akademiyaya köçürüldülər.

​Lisenziya gec alındığına görə 2006-cı ildə Akademiyaya tələbə qəbulu keçirilmədi.

​Akademiyanın Elmi Şurasının qərarı ilə Akademiyanın struktur bölmələri yaradıldı:

- 3 fakültə

- 7 kafedra

- 8 şöbə

​Filialın qazandığı nüfuz Akademiyanın fəaliyyətində xüsusi rol oynadı.Artan tələbatı nəzərə alaraq kompleksin 400 yerlik iki mərtəbəli yeməkxana korpusunun 2-ci mərtəbəsində tədris üçün yenidənqurma işləri aparılaraq istifadəyə verildi.İnamla yeni ixtisaslar açmağa başladıq:

- 2016-cı ildə “ Sosial iş ” ;
- 2019-cu ildə “Qiyabi və əlavə ali təhsil şöbəssi ”;
- 2020-ci ildə “ Marketinq ” ;
və 2021-ci ildə ali təhsilin ikinci pilləsi “ Magistratura “ açıldı.

​Son illər Akademiyaya tələbə qəbulu planı 100 % yerinə yetirilir.2024-cü ildə ilk dəfə Akademiyada tələbələrin ümumi sayı 1000 nəfərdən çox olmuşdur (1074).2025-ci il buraxılışıda daxil olmaqla Akademiyada 4200 – nəfərdən çox məzun olmuşdur.

​Akademiyanın məzunları dövlət orqanlarında, nüfuzlu kommersiya təşkilatlarında və xarici şirkətlərdə çalışırlar.Təəssüfki həmkarlar ittifaqlarında çalışan məzunlarımızın sayı çox azdır.

​Bu sahəyə ciddi diqqət yetirilməlidir.Axı akademiyanın başlıca vəzifəsi həmkarlar ittifaqlarına kadr hazırlamaqdır.Başqa ali məktəblərdən fərqli olaraq, burada “Həmkarlar ittifaqı hərəkatının əsasları”, “ Sosial tərəfdaşlıq” və həmkarlar ittifaqı hərəkatı ilə bağlı digər fənlər tədris olunur.Bunları bilmək sözsüz ki, həmkarlar ittifaqı işində çox vacibdir.

​Akademiyada tədrisin inkişafı ilə bərabər, elmi-tədqiqat işləri də uğurla davam etdirilmişdir.2024-cü ilədək 30-dan çox respublika və beynəlxalq elmi-praktik konfranslar keçirilmişdir.

​2014-cü ildən “ Əmək və Sosial Münasibətlər “ elmi-praktiki jurnalı nəşrə başlamışdır.

​Akademiyanın müraciəti əsasında Beynəlxalq İİSN Mərkəzinin Parisdəki baş ofisi 2015-ci ildə jurnala İSSN 2410-4108 seriya nömrəsi vermişdir.

​Jurnal 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tanınan dövri elmi nəşrlərin siyahısına daxil edilmişdir.

​Akademiyanın əməkdaşlarının onlarla dərslik, dərs vəsaiti və tədris-metodik vəsaitləri çap olunmuşdur.

​Əməkdaşlardan Akademiyada çalışdıqları zaman 4 nəfər elmlər doktoru, 7nəfər fəlsəfə doktoru elmi dərəcə və 4 nəfər professor,10 nəfər dosent elmi adı almışlar.

​Bir nəfər fəlsəfə doktoru dissertasiyası işini müdafiə edib, təsdiq olunmasını gözləyir.

5 nəfər isə fəlsəfə doktoru dissertasiyası üzərində işləyir.

Məzunlarımızdan təhsilə, elmə marağı olanların Akademiyada işlə təmin olunması ənənə şəklini almışdır.Artıq onlarla məzunumuz Akademiyada çalışır.Onlardan biri artıq fəlsəfə doktorudur.2 nəfər məzunumuz isə fəlsəfə doktoru dissertasiyası müdafiə edib, başqa müəssisələrdə çalışırlar.Bunlar Akademiyanın ən böyük uğurlarındandır.

Ən qürurverici göstəricilərdən biri də keçmiş və indiki əməkdaşların, tələbələrin akademiyaya hörmətlə bağlılığıdır.Bu da hesab edirəm ki, akademiyada olan şəffaflığın nəticəsidir.

​Akademiyanın beynəlxalq əlaqələrinə ciddi diqqət yetirilmişdir.2006-cı ilin noyabr ayında Akademiya Əmək və Sosial sfera üçün kadr hazırlayan Təhsil Müəssisələrinin Beynəlxalq Assosasiyasına üzv qəbul edilmişdir.Assosasiyada Rusiya, Qazaxıstan, Özbəkistan,Qırğızıstan, Moldova, Belarus, Bolqarıstan, Vyetnam, Monqolustan və Yunanıstanın təhsil müəssisələri təmsil olunur.

​Türkiyənin, Qazaxıstanın, Belarusun, Özbəkistanın ayrı-ayrı təhsil müəssisələri ilə müqavilələr bağlanmışdır.Hazırda bu işlər Akademiyada daha da inkişaf etdirilir.

​Akademiyanın kitabxanası 2015-ci ildə əsaslı təmir edilib.İki oxu zalı və kitab fondu üçün tələb olunan normada sahələr ayrılmışdır.Müasir əşya və avadanlıqlarla təchiz edilmiş, kitab fondu tələb olunan səviyyədə komplektləşdirilmişdir.Təbii ki, kitabxana gələcək tələbatı ödəmək üçün daha da genişləndirilməlidir.

​Müasir tələblərə cavab verən tədris prosesinin təşkilində maddi-texniki baza böyük rol oynayır.Bu sahədə akademiya öz imkanı hesabına çox işlər görmüşdür: auditoriyalar lazımi əşya və texniki tədris vəsaitlərlə təchiz edilmiş, 4 kompyuter auditoriyası istifadəyə verilmiş, 300 yerlik böyük zal və yataqxana əsaslı təmir edilib əşyalarla təchiz edilmiş,tələbələrin asudə vaxtını keçirmək üçün stolüstü oyunlar zalı istifadəyə verilib.Uzun illərdən sonra kompleksin istilik sistemi tikilib quraşdırılaraq istifadəyə verilmişdir.

​Kompleksin layihə üzrə sığınacaq üçün nəzərdə tutulmuş zirzəmisində nəhayət 45 ildən sonra -2024-cü ildə tikinti-quraşdırma, təmir işləri başa çatdırılmışdır.Ancaq avadanlıqlar alınmamışdır.Bu işi görərkən çoxları bunu lazımsız hesab edirdi.Bu gün dünyada baş verən hadisələr göstərir ki, bu çox vacibdir.Bu iş yəqinki yaxın zamanlarda başa çatdırılacaq.

​Son il yarımda da kollektiv bir sıra yeniliklər etmişdir.Strateji inkişaf planında nəzərdə tutulmuş: doktoranturanın və həmkarlar ittifaqı hərəkatı və sosial tərəfdaşlıq elmi-metodik mərkəzin açılması; tədris korpusunun üzərində əlavə 3-cü mərtəbənin (layihə-smeta sənədlərini 2024-cü ildə aidiyyatı dövlət qurumları təsdiqləyib, razılıq veriblər) tikintisi və başqa hədəflərin yaxın zamanlarda həllini tapacağına ümid edirik.

​Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan həmkarlar ittifaqları konfederasiyasının VIII Qurultayının iştirakçılarına müraciətində deyilir:

​ “İşçilərlə işəgötürənlər arasında sosial dialoqun əsas tərəfdaşı və əmək dəyərlərinin qoruyucusu kimi çıxış edən həmkarlar ittifaqları peşə biliklərinin möhkəmləndirilməsi, işçilərin maarifləndirilməsi, əmək hüquqları sahəsində onların bilik və bacarıqlarının artırılması prosesində yaxından iştirak etməlidir”.

​Möhtərəm Prezidentimizin bu çağırışına cavab verməkdə həmkarlar ittifaqlarına kömək üçün akademiyamızın üzərinə böyük vəzifələr düşür.Akademiya sosial-əmək münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqı işinin təkmilləşdirilməsinin yeni forma və üsullarını işləyib həmkarlar ittifaqlarına real elmi-metodiki köməklik göstərməlidir.

​İnanırıq ki, həmkarlar ittifaqı ideologiyasına layiq şərəfli yol keçmiş kollektivimiz ali təhsil müəssisəmizin inkişafında daha böyük nailiyyətlərə imza atacaq.

​Akademiyanın 20 illiyi münasibətilə pedaqoji heyəti, tələbələri,magistrləri,məzunları, akademiyanın inkişafında əməyi olan insanların hamısını təbrik edirəm. Uğurlar!

Hüseyn Qaraşov

sosiologiya elmlər doktoru, professor