Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir. İdman yarışları məktəblilərin voleybol turniri ilə davam edib.
23-24 aprel 2026-cı ildə 106 №-li tam orta məktəbin idman zalında təşkil olunan turnirdə rayonun tam orta məktəblərinin komandaları iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən YAP Qaradağ rayon təşkilatı sədrinin müavini Faiq Qurbanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı təşkil edilən silsilə tədbirlər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, sağlam böyüməsində mühüm rol oynayır. O qeyd edib ki, müasir müstəqil Azərbaycanın memarı olan Ulu Öndərin dövlətçilik irsi xalqımızın yaddaşında daim yaşayacaqdır. Eyni zamanda vurğulanıb ki, keçirilən idman yarışları həm sağlam həyat tərzinin təşviqi, həm də gənclərin fiziki inkişafı baxımından əhəmiyyətlidir.
Bakı Şəhər Gənclər və İdman İdarəsinin rayon üzrə sektor müdiri Elçin Abbasov çıxış edərək Ulu Öndərin əsasını qoyduğu idman siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, gəncləri idmana daha fəal şəkildə qoşulmağa çağırıb.
Daha sonra yarışın qaydaları izah olunub.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın nəticələrinə əsasən, oğlanlar arasında I yeri 180 nömrəli tam orta məktəbin, II yeri 139 nömrəli tam orta məktəbin, III yeri 321 nömrəli tam orta məktəbin, qızlar arasında da I yeri 180 nömrəli tam orta məktəbin, II yeri 106 nömrəli tam orta məktəbin, III yeri isə 350 nömrəli tam orta məktəbin komandaları tutub.
Qeyd edək ki, qalib komandaların mükafatlandırılması mayın 7-də Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Parkında keçiriləcək ümumrayon tədbiri çərçivəsində baş tutacaq.