Əcnəbi tələbələr üçün hüquqi maarifləndirmə tədbiri keçirilib

24 Aprel 2026 16:00 (UTC+04:00)

DMX yanında İctimai Şurada təmsil olunan "Miqrasiya Könüllüsü" və "Miqrasiya Sahəsinin İnkişafı" ictimai birliklərinin Bakı Avrasiya Universiteti ilə birlikdə təşkil etdikləri tədbirdə, DMX yanında İctimai Şuranın sədri Sima Yaqubova, "Əcnəbi tələbələrin Azərbaycan Respublikasının atributlarına, milli və mədəni sərvətlərinə hörmətlə yanaşması, onların cəmiyyətimizə effektiv və faydalı inteqrasiyası"mövzusunda çıxış etdi.

Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq” ili elan olunduğunu qeyd edən S.Yaqubova, ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaraylar, məscid, məbəd və türbələrin milli memarlığın parlaq ənənələrini əks etdirdiyini və Azərbaycan şəhərsalma və memarlıq sənətinə aid bir çox əsərin dünya inciləri sırasında layiqli yer tutduğunu xüsusi ilə qeyd etdi.

İctimai Şuranın sədri, mədəni irsimiz olan, dövlət mühafizəsinə götürülmüş tarix və memarlıq abidələrinin qorunması və toxunulmazlığının qanunla qorunması və bu qanunvericiliyin pozulmasına görə məsuliyyət həddi müəyyən edilməsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və tədbirin təşkilində göstərdikləri dəstəyə görə

Dövlət Miqrasiya Xidməti və Bakı Avrasiya Universitetinin rəhbərliyinə təşəkkür etdi.

Tədbirin sonunda Azərbaycanın tarixi memarlıq abidələri barədə hazırlanmış videoçarx nümayiş etdirildi və əcnəbi tələbələrin sualları cavablandırıldı.

Mətləb Salahov