Hazırda marketlərdə bir-birindən müxtəlif çörəklər satılır. Bəs, insan orqanizmi üçün ən sağlamı hansıdır?
Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, orqanizm üçün ən sağlam çörək tam buğda, ya çovdar unundan, təbii maya ilə hazırlanmış, uzun müddət qıcqırma prosesindən keçmiş çörəkdir:
“Amma rəfləri bəzəyən ağ çörək isə qida dəyəri aşağı olan, qan şəkərini sürətlə yüksəldən kalori mənbəyidir. Ağ un istehsal edilərkən taxılın rüşeymi və qabığı kənarlaşdırılır. Lakin taxılın bütün lifləri, vitaminləri və mineralları məhz o qabıqdadır. Tam taxıllı çörək isə liflə zəngindirş Həzmi tənzimləyir, toxluq hissi verir və qan şəkərini stabil saxlayır. Ağ çörək demək olar ki, təmiz nişastadır. Qqlikemik indeksi yüksək olduğu üçün insulin müqaviməti və çəki artımına birbaşa təsir edir.
Sənaye mayası xəmiri 1 saatdan az bir müddətə qaldırır. Amma təbii maya ilə hazırlanan çörəklər 12-24 saat fermentasiya olunur. Bu müddətdə taxılın tərkibindəki mineralların orqanizm tərəfindən sorulmasına mane olan fitik turşusu təbii maya tərəfindən neytrallaşdırılır. Uzun fermentasiya qlüten zülalını qismən parçalayır. Bu da həzmi asanlaşdırır.
Çovdar çörəyi buğda çörəyinə nisbətən daha az insulin ifrazına səbəb olur. Diabet riski olanlar və çəki atmaq istəyənlər üçün ən ideal seçimdir.
Seçim edərkən inqridiyent siyahısına baxmalıyıq. İlk yazılan inqrediyent əla növ buğda unu yox, tam buğda unu, ya tam çovdar unu olmalıdır. Bəzi istehsalçılar ağ unun içərisinə səməni, karamelləşmiş şəkər, malt, ya da başqa əlavələr qataraq tündləşdirilir. Çörəyin tünd olması onun tam taxıllı olması demək deyil. Əsl tam taxıllı çörək ağır və sıx olmalıdır. Əgər çörək çox yüngül və pambıq kimidirsə, deməli tərkibində çoxlu qabardıcılar və hava var. Tərkibində kalsium propionat kimi konservantların olmamasına diqqət etməliyik”.