Nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsi vacibdir? - PSİXOLOQ AÇIQLADI

24 Aprel 2026 15:45 (UTC+04:00)

“Nikahın pozulması zamanı psixoloqa yönləndirmək həddindən artıq vacibdir”.

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, bəzən elə xırda məsələlər üzərində cütlüklər bir-birinə qarşı addımlar atırlar ki, əslində orada boşanmaya səbəb olacaq ciddi məqam yoxdur:

“Sadəcə olaraq, ani emosiyaların təsiri ilə “boşanım, canımı qurtarım” kimi deyilən sözlər boşanma qərarının əsaslı olduğunu göstərmir.

Boşanma qərarından imtina edən tərəflər isə mütləq şəkildə iki şəxsin səmimi söhbətindən sonra və üçüncü, dördüncü şəxslərin müdaxiləsinin təsirini aradan qaldırdıqdan sonra bu qərarın yanlış olduğunu anlayırlar. Belə hallarda aparılan psixoloji söhbətlər öz müsbət nəticəsini verir.

Məsələn, bu ilin əvvəlindən etibarən təxminən 49 ailə psixoloji dəstək nəticəsində boşanmaq fikrindən daşınıb. Bu da göstərir ki, psixoloqa müraciət etmək evdəki qohum-əqrəbanın müdaxiləsindən daha effektivdir.

Tərəflərin dinlənilməsi və gələcəkdə yarana biləcək mümkün konfliktlərin, hətta cinayət hallarının qarşısını almaq üçün psixoloqa müraciət etmək olduqca vacibdir”.