İnsan sıxlığı zamanı panikanın yaranma ehtimalı hansı amillərdən asılıdır? - EKSPERT AÇIQLADI

24 Aprel 2026 14:55 (UTC+04:00)

“İzdihamlı məkanlarla bağlı şikayətlər əsasən bir neçə təhlükə faktoru ilə əlaqələndirilir. Bunlara dar keçidlər, çıxışların məhdudluğu, zəif görünüş və sürüşkən səthlər daxildir. Belə şəraitdə yıxılma və sürüşmə kimi hadisələrin baş vermə riski artır”.

Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.

O bildirib ki, digər mühüm faktor insan amilidir:

“Təcrübəsizlik, fiziki zəiflik, yaşlılıq, uşaqların və ya əlilliyi olan şəxslərin mövcudluğu fövqəladə hallarda vəziyyəti daha da çətinləşdirə bilər. Belə hallarda panika yaranması və insanların vaxtında düzgün istiqamət seçə bilməməsi ciddi problemlərə səbəb olur.

Eyni zamanda informasiya çatışmazlığı da risk yaradan əsas amillərdəndir. Çıxış yollarının aydın göstərilməməsi və ya gecikmiş məlumatlandırma izdihamın nəzarətsiz şəkildə hərəkət etməsinə səbəb ola bilər. Bu isə vəziyyəti daha da təhlükəli edir.

Yanlış məlumat və şayiələr də panikanın yayılmasında mühüm rol oynayır. “Yanğın var”, “partlayış baş verib” kimi əsassız xəbərlər insanların kütləvi şəkildə təşvişə düşməsinə səbəb olur.

Bundan əlavə, izdiham zamanı insanların davranış psixologiyası da təsir göstərir. Bir neçə şəxsin qaçması digərlərində avtomatik qorxu və təlaş yaradır, bu da kütləvi hərəkət və nəzarətsizliklə nəticələnə bilər.

Ən çox risk yaranan yerlərə isə çıxış qapıları, dar dəhlizlər, pilləkənlər, liftlər və maneəli sahələr daxildir. Bu səbəbdən belə məkanlarda təhlükəsizlik planlaması, aydın işarələmə və düzgün təşkilatlanma olduqca vacibdir”.

Ayşən Vəli