"Azərbaycan və Latviya arasında əməkdaşlıq imkanları genişlənir" - ŞƏRH

24 Aprel 2026 13:42 (UTC+04:00)

"Azərbaycan ilə Latviya arasında ciddi strateji əməkdaşlıq potensialı mövcuddur. Latviyanın Avropa İttifaqına üzv olması Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində bu prosesi nəzərdən keçirməyi zəruri edir və bu, əməkdaşlıq baxımından müsbət amil kimi qiymətləndirilir"

Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzi Media və Kommunikasiya Departamentinin rəhbəri Əziz Əlibəyli deyib.

Onun sözlərinə görə, digər tərəfdən, Latviya Baltik regionunda yerləşməsi və inkişaf etmiş logistika infrastrukturu ilə seçilir: "Bu isə Azərbaycan üçün Avropa bazarlarına çıxışın genişləndirilməsi və tranzit imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə Orta Dəhliz üzərində yerləşən Azərbaycan üçün Baltik istiqaməti əlavə strateji xətt kimi dəyərləndirilə bilər.

Enerji sahəsində Azərbaycan artıq Avropa üçün etibarlı tərəfdaş kimi çıxış edir. Latviya isə enerji təhlükəsizliyini təmin etmək məqsədilə mənbələrin şaxələndirilməsində maraqlıdır. Bu baxımdan iki ölkə arasında enerji əməkdaşlığının genişləndirilməsi real perspektiv kimi qiymətləndirilir.

Bununla yanaşı, Latviya logistika, nəqliyyat, rəqəmsal texnologiyalar və texniki xidmət sahələrində Azərbaycanla birgə investisiya layihələri həyata keçirə bilər. Bu əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmayaraq, iqtisadiyyatın müxtəlif sahələrini əhatə edə biləcək geniş imkanlar yaradır.

Eyni zamanda, Latviyanın Baltik regionunda yerləşməsi və Rusiyaya yaxın coğrafi mövqeyi onun təhlükəsizlik məsələlərinə xüsusi həssaslıqla yanaşmasına səbəb olur. Bu kontekstdə enerji təhlükəsizliyi və iqtisadi sabitlik Latviyanın əsas prioritetləri sırasında yer alır.

Azərbaycan və Latviya arasında əməkdaşlıq həm iqtisadi, həm enerji, həm də logistika sahələrində qarşılıqlı fayda verə biləcək və inkişaf potensialı yüksək olan bir istiqamətdir".