Çinin ayda yeni kəşfi…

24 Aprel 2026 12:44 (UTC+04:00)

Çin alimlərinin Aydan toplanan nümunələrdə əvvəllər məlum olmayan iki yeni mineralın aşkar edildiyi bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “kəşf Sıçuan əyalətinin Çindgu şəhərində keçirilən 11-ci Çin Kosmos Gününün açılış mərasimində elan edilib.

“Çanqe-5” kosmik aparatının topladığı daş və torpaq nümunələrində tapılan fosfat minerallarına “maqneziyoçanqızit-(Y)” və “çanqızit-(Ce)” adları verilib.

Nadir torpaq fosfatı kateqoriyasına aid olan bu minerallar Beynəlxalq Minerologiya Assosiasiyasının Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən təsdiqlənərək rəsmi şəkildə qəbul edilib.

Bu iki mineral Çinin Aydan topladığı nümunələrdə aşkar etdiyi ikinci və üçüncü yeni minerallar olub. Çinli alimlər daha əvvəl 2022-ci ilin sentyabrında Ay nümunələrində “çanqızit-(Y)” adlı fosfat mineralını tapdıqlarını bildirmişdilər.

Yeni kəşflərlə birlikdə indiyə qədər Ayda aşkar edilən mineralların sayı 8-ə çatıb. Çindən əvvəl Amerika Birləşmiş Ştatları və Rusiya Ay səthindən daş və torpaq nümunələri toplayaraq mineral kəşflərinə öncülük etmişdi.

Çin Ay səthindən nümunə toplamaq məqsədilə “Çanqe-5” kosmik aparatını 2020-ci ilin noyabrında göndərmiş, aparat 1,73 kiloqram daş və torpaq nümunəsi ilə 2020-ci ilin dekabrında Yerə qayıtmışdı.