“Mövcud vəziyyət nə İran, nə də ABŞ üçün uzunmüddətli perspektivlər vəd etmir” - ŞƏRH EDİLDİ

24 Aprel 2026 12:30 (UTC+04:00)

”İranla bağlı mövcud gərginliyin yaxın zamanda tam həll olunacağı ehtimalı yüksək deyil. Danışıqlar davam etsə də, tərəflərin mövqeləri kifayət qədər fərqlidir və bu səbəbdən prosesin bir neçə raund daha uzanması mümkündür”.

Bu sözləri SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, gec-tez tərəflərin ortaq məxrəcə gəlməsi zəruridir:

” Çünki mövcud vəziyyət nə İran, nə də ABŞ üçün uzunmüddətli perspektivdə sərfəli deyil. Xüsusilə ABŞ regionda proseslərin nəzarətdən çıxmasının risklərini yaxşı anlayır.

Burada mühüm amillərdən biri də Çinin mümkün rolu ilə bağlıdır. Çinin İrana siyasi və iqtisadi dəstəyi gərginliyin uzanmasına səbəb ola bilər. Bəzi analitiklər bunu Rusiyanın Ukrayna müharibəsində uzunmüddətli qarşıdurmaya cəlb olunması ilə müqayisə edir. Yəni, böyük güclər bir-birini dolayı yolla uzun və resurs tələb edən münaqişələrə çəkməyə çalışa bilirlər.

Ancaq ABŞ-ın belə bir ssenaridən yayınmağa çalışacağı ehtimalı daha böyükdür. Bu səbəbdən müəyyən mərhələdə tərəflər arasında kompromis əldə oluna bilər və bu, informasiya müstəvisində hər iki tərəf tərəfindən “uğur” kimi təqdim edilə bilər.

Digər tərəfdən, hərbi qarşıdurma ehtimalı tam aradan qalxmasa da, əsas mübarizənin siyasi və geosiyasi müstəvidə davam edəcəyi daha real görünür. Hətta müəyyən razılaşma əldə olunsa belə, ABŞ və İran arasında fundamental fikir ayrılıqları qalacaq.

ABŞ-ın əsas məqsədləri sırasında İranın regional təsir imkanlarının məhdudlaşdırılması və nüvə proqramına nəzarət dayanır. İran isə öz suverenliyini və mövcud siyasi sistemini qorumağa çalışır. Bu ziddiyyətlər səbəbindən prosesin tam və sürətli şəkildə yekunlaşması real görünmür”.