Toplanan pensiya kapitalının erkən çıxarılması niyə mümkün deyil? -EKSPERT DANIŞDI

24 Aprel 2026 12:08 (UTC+04:00)

“Vətəndaşların bu vəsaitlərdən sərbəst istifadə edə bilməməsi həm hüquqi tələblərlə, həm də maliyyə reallıqları ilə bağlıdır”.

Bu sözləri SİA-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, pensiya kapitalından istifadə yalnız müəyyən hallarda , pensiya yaşına çatdıqda, əlillik yarandıqda və ya ailə başçısını itirdikdə mümkündür:

”Bu şərtlər baş vermədən vəsaitin çıxarılması qanun çərçivəsində nəzərdə tutulmur. Hazırkı mərhələdə belə bir imkanın yaradılması real hesab edilmir. Rəsmi açıqlamalarda da vurğulanır ki, sığorta hadisələri baş vermədən həmin vəsaitlərdən istifadə hüququ mövcud deyil. Üstəlik, bu vəsaitlərin mahiyyəti də tez-tez yanlış başa düşülür. Əslində, Azərbaycanda klassik mənada fərdi “yığım kapitalı” yoxdur; şəxsi hesablarda görünən məbləğlər real pul ehtiyatı deyil, şərti sığorta kapitalı kimi qeyd olunur.

Digər tərəfdən, sistemin maliyyə dayanıqlığı da bu cür dəyişikliklərə hazır deyil. Dövlət Sosial Müdafiə Fondunun gəlirləri mövcud xərcləri tam qarşılamadığından, hər il dövlət büdcəsindən əlavə maliyyə dəstəyi ayrılır. Əgər vətəndaşlara bu vəsaitləri vaxtından əvvəl çıxarmaq imkanı verilsə, fondun resursları sürətlə azalacaq və bu da pensiya ödənişlərində ciddi problemlər yarada bilər.

Gələcəkdə vətəndaşların öz vəsaitləri üzərində daha geniş seçim imkanları əldə etməsi yalnız özəl pensiya fondlarının formalaşdırılması ilə mümkün ola bilər. Bunun üçün isə həm qanunvericilik bazasının yenidən qurulması, həm də effektiv idarəetmə mexanizmlərinin yaradılması tələb olunur”.