"Müasir turizmdə turistlər müxtəlif seqmentlərə ayrılır və hər seqmentin maraq dairəsi, səyahət motivasiyası, gözləntiləri fərqli olur. Bu baxımdan turistlər turizmin müxtəlif istiqamətlərindən faydalanır və öz maraqlarına uyğun seçimlər edirlər. Mədəniyyət və əyləncə turizmi də bu istiqamətlər arasında xüsusi yer tutur".
Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Kənan Hənifəyev deyib.
.jpg)
Kənan Hənifəyev sözlərinə belə davam edib: "Bu sahələr turistlərin yaş seqmentinə, sosial maraqlarına, gəldikləri ölkələrə, eləcə də səyahət məqsədlərinə görə dəyişir.
Mədəniyyət turizmi daha çox tarixi irsin, muzeylərin, memarlıq abidələrinin, milli dəyərlərin və yerli ənənələrin tanıdılmasına xidmət edir. Əyləncə turizmi isə festivallar, konsertlər, tematik parklar, interaktiv məkanlar və müxtəlif istirahət imkanları ilə turistlərin marağını cəlb edir. Müasir dövrdə bu iki istiqamət bir-birini tamamlayan turizm məhsulu kimi çıxış edir.
Həmçinin səyahət edilən ölkədə əyləncə və mədəniyyət imkanlarından hansının turistlərə daha çox təklif və təşviq olunması vacib amillərdən biridir. Bəzi ölkələr tarixi və mədəni irsi ilə turist cəlb edir, bəziləri isə daha çox əyləncə infrastrukturu ilə seçilir. Lakin qlobal turizm təcrübəsi göstərir ki, bu iki istiqamətin vəhdəti daha uğurlu nəticə verir.
Bu iki istiqamətin qlobal turizmdə müəyyən faiz payı mövcuddur və onların populyarlığı ildən-ilə artır. Hətta müasir turizm tələblərindən biri də mədəniyyət və əyləncə istiqamətlərinin birgə birləşdirilərək ekskursiyaların təşkil edilməsidir. Bu yanaşma turistə sadəcə məlumat almaq deyil, eyni zamanda prosesin iştirakçısına çevrilmək imkanı yaradır.
Məsələn, mədəniyyət istiqaməti üzrə təşkil edilən turların və ekskursiyaların tərkibinə əyləncə və interaktivliyin qoşulması turistin həm maariflənməsini, həm də əylənməsini təmin edir. Tarixi məkanlarda interaktiv təqdimatlar, canlı performanslar, milli mətbəxlə tanışlıq, tematik tədbirlər və əyləncə elementləri bu baxımdan xüsusi rol oynayır.
Bu iki prosesin birgə həyata keçirilməsi turisti yormur, əksinə, gümrahlıq, pozitivlik və xoş aura ilə zənginləşdirə bilir. Eyni zamanda belə turlar turist təcrübəsini daha yaddaqalan edir, məmnuniyyəti artırır və həmin istiqamətə yenidən maraq formalaşdırır. Bu səbəbdən müasir turizmdə mədəniyyət və əyləncə komponentlərinin sintezi artıq sadəcə seçim deyil, zərurət kimi qiymətləndirilir".