Energetika sahəsi sürətlə dəyişir və bu dəyişimin mərkəzində artıq yeni texnologiyalarla işləməyi bacaran gənc mütəxəssislər dayanır. Dünyada “yaşıl enerji”yə keçid, rəqəmsallaşma və innovativ həllər bu sahədə həm yeni imkanlar, həm də ciddi tələblər yaradır. Naxçıvanda da energetika istiqamətində aparılan işlər, xüsusilə kadr hazırlığı və beynəlxalq təcrübə proqramları xüsu ilə diqqət çəkir. Universitet-istehsalat əməkdaşlığı və praktiki tədris imkanları tələbələrin real iş mühitinə daha hazır yetişməsinə şərait yaradır. Bu istiqamətdə görülən işlər və regionun enerji perspektivləri ilə bağlı Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Energetika mühəndisliyi kafedrasının baş müəllimi Sevinc Rzayeva ilə həmsöhbət olduq.
– Sevinc xanım, Naxçıvan Dövlət Universitetində energetika mühəndisliyi ixtisası üzrə kadr hazırlığı hazırda hansı səviyyədə aparılır?
– Naxçıvan Dövlət Universitetində Energetika mühəndisliyi ixtisası üzrə kadr hazırlığı yüksək səviyyədə aparılır. Bu ixtisas 2008-ci ildən etibarən Memarlıq və Mühəndislik fakültəsinin tərkibində yaradılıb. Həmin ildən bu yana bizim məzunlarımız Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasının energetika sahəsində müxtəlif vəzifələrdə çalışırlar. Energetika mühəndisliyi ixtisasında təhsil alan tələbələrə yüksək imkanlar yaradılıb. İstər fakültə daxilində, istərsə də “Naxçıvan Enerji” MMC ərazisində yerləşən bir neçə laboratoriyalar var ki, tələbələrimiz bu laboratoriyalardan yararlanırlar. Tələbələrimiz eyni zamanda “Naxçıvan Enerji” MMC-də təcrübədə olurlar. Tələbələr burada əyani şəkildə enerjinin alınmasının yolları, yarımstansiyalar, yarımstansiya avadanlıqları və onların təhlükəsizlik qaydaları ilə yaxından tanış olurlar. Bu prosesdə “Naxçıvan Enerji” MMC-nin ixtisaslı mütəxəssisləri tələbələrə yaxından köməklik göstərirlər. Bu gedişat tələbələrin energetika sahəsindəki biliklərinin daha da artmasına və gələcəkdə çalışacaqları müəssisələrdə texniki qaydalara riayət etmələrində və yarımstansiya avadanlıqları ilə işləmə qaydalarında köməklik göstərəcək.
– Energetika ixtisasının tələbələri universitetin beynəlxalq təcrübə imkanlarından yararlana bilirlərmi?
– Universitetimizin tələbələri xarici ölkələrdə də mütəmadi olaraq təcrübə proqramlarında iştirak edirlər. 2021-ci ildə tələbələr Almaniyanın Vismar şəhərində energetika sahəsi üzrə təcrübə keçiblər. Orada olarkən tələbələr külək və günəş enerji qurğuları ilə yaxından tanış olublar, bu qurğulardan enerjinin alınma yollarını ətraflı şəkildə öyrəniblər. Bu, təkcə energetika sahəsində deyil, tələbələrin dünya görüşünün artmasında da böyük rol oynayıb.
2022-ci ildə isə mənim rəhbərliyim və energetika xidmətinin bir neçə əməkdaşı ilə birlikdə tələbələrimiz İtaliyanın Florensiya şəhərində təcrübədə oldular. Bu şəhərdə yerləşən “Fimer” şirkətinin təlim mərkəzində olduq. Burada tələbələr yeni texnologiyalar sayılan invertorlar haqqında mühazirələr dinləyiblər. Mühazirəçilər Roma şəhərindən gətirilmiş yüksək ixtisaslı kadrlardan ibarət idi. Onlar invertorların iş prinsipi, daxilində gedən enerji dəyişmələri və tətbiq sahələri barədə tələbələrə ətraflı məlumat verdilər.
Həmçinin Florensiya şəhərində invertor istehsal edən zavodla yaxından tanış olduq və həmin şirkətin ərazisində yerləşən günəş elektrik stansiyalarına baxış keçirdik. Təcrübə müddətində tələbələr invertorların quraşdırılması və günəş elektrik stansiyalarının fəaliyyəti ilə yaxından tanış oldular. Bu il isə energetika ixtisasında təhsil alan IV kurs tələbələrimiz Trabzon şəhərində təcrübəyə göndərilərək Qaradəniz Texniki Universitetinin nəzdində fəaliyyət göstərən energetika fakültəsində təcrübə keçiblər. Onlar stansiyalarla yaxından tanış olmuş, yüksək ixtisaslı kadrlar isə bu təcrübədə onlara rəhbərlik edib. Bütün bu təcrübə prosesləri tələbələrin gələcək iş həyatında böyük əhəmiyyət kəsb edir. Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən Elektroenergetika mühəndisliyi kafedrasında 2008-ci ildən bəri 5 illik elmi tədqiqat işləri aparılır. Muxtar respublikanın alternativ enerji potensialı araşdırılıb və bu sahədə müxtəlif tədqiqat işləri aparılıb. Kafedranın əməkdaşları xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edirlər.
– Energetika sahəsinin bu gün və gələcək üçün əhəmiyyəti nədir?
– Energetika sahəsinə təkcə bir ixtisas kimi yanaşmaq olmaz, bu sahə həyatın davamlılığını təmin edən əsas sistemdir. Energetika bir ölkənin iqtisadi gücünün, sənaye inkişafının və milli təhlükəsizliyinin əsas dayağıdır. Enerji olmadan həyatı təsəvvür etmək olmaz. Bu gün dünya enerji sistemi böyük transformasiyalar yaşayır. Ənənəvi sistemlər öz yerini daha ağıllı, rəqəmsal sistemlərə ötürür. “Smart Quick” adlandırılan ağıllı şəbəkələr vasitəsilə enerji real vaxt rejimində idarə olunur, vaxt itkisinin qarşısı alınır və qəzalar aradan qaldırılır. Eyni zamanda dünya “yaşıl enerji”yə keçid etməyə başlayır. Bütün bu yeniliklər energetika sahəsində ixtisaslı kadrların yetişdirilməsinə ehtiyac yaradır. Bu sahədə çalışan mütəxəssislər yüksək biliklərə sahib olmalı, rəqəmsal sistemlər, avtomatlaşdırma və proqramlaşdırma biliklərinə yiyələnməlidirlər. Bunun üçün Naxçıvan Dövlət Universiteti bütün lazımi təchizatla təmin olunub.
– Bəs məzunlar üçün iş imkanları nə dərəcədə genişdir?
– Bu gün energetika ixtisasını bitirən tələbələr üçün iş imkanları olduqca genişdir. Dövlət enerji qurumları, özəl şirkətlər, beynəlxalq layihələr, alternativ enerji sektoru və elmi tədqiqat sahəsində gənclərin fəaliyyət göstərməsi mümkündür.
Gələcəyin energetika mühəndisləri texniki biliklərlə yanaşı böyük məsuliyyət hissi və innovativ baxışa sahib olmalıdır. Çünki energetika bəzən səhvləri bağışlamır. Bu gün bu ixtisası bitirən tələbələr gələcəkdə enerji təhlükəsizliyini təmin edən sistemlərin müəllifi ola bilər. Bakalavr səviyyəsi ilə yanaşı, magistratura pilləsində də energetika mühəndisliyi, eləcə də elektrik sistemləri və şəbəkələri ixtisasları üzrə kadr hazırlığı davam etdirilir. Bu da sahənin perspektivliyinin açıq göstəricisidir.
– Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi strategiyasını necə qiymətləndirirsiniz?
– Naxçıvanın “yaşıl enerji” zonasına çevrilməsi strategiyası regionun gələcək inkişafı üçün çoxşaxəli və uzaqgörən yanaşmadır. Bu siyasət həm yerli bərpaolunan enerji potensialından səmərəli istifadəni, həm də enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin edir.
Bu strategiya iqtisadi baxımdan da yeni imkanlar açır, investisiyaları cəlb edir, yeni iş yerləri yaradır, sənaye və xidmət sektorunun imkanlarını genişləndirir. Eyni zamanda enerji xərclərinin optimallaşdırılması və ixrac imkanlarının formalaşması regionun rəqabət qabiliyyətini artırır. “Naxçıvan Enerji” MMC-nin məlumatlarına əsasən, muxtar respublika ərazisi min meqavatlarla hesablanan bərpaolunan enerji potensialına malikdir. Universitet ərazisində də 10 KVt külək enerji qurğusu və 3.3 KVt günəş panelləri quraşdırılıb ki, bunları birlikdə mini hibrid enerji stansiyası adlandırmaq olar. Memarlıq və Mühəndislik fakültəsi ilk vaxtlarda buradan təmin olunan enerji hesabına öz enerjisini təmin edirdi. Tələbələr dərslər zamanı bu qurğularla əyani şəkildə tanış olur, günəş panelləri və külək qurğularının iş prinsiplərini öyrənirlər.
Naxçıvan Muxtar Respublikasında “yaşıl enerji” zonalarının yaradılması, yeni günəş və külək elektrik stansiyalarının qurulması mühüm əhəmiyyət kəsb edir. Bu stansiyalar gələcəkdə kadrlar üçün iş imkanlarının artmasına da şərait yaradacaq. Dövlət başçısının qəbul etdiyi qərarlara əsasən, 2030-cu ilə qədər 1200 MVt gücündə böyük günəş elektrik stansiyasının tikilməsi planlaşdırılır. Eyni zamanda Culfa və Ordubad–Arazboyu ərazilərdə külək enerji qurğularının quraşdırılması da səmərəlidir. Hazırda Naxçıvan enerji sistemi ölkənin enerji sistemi ilə sinxron deyil və ayrı fəaliyyət göstərir. Gələcəkdə Zəngəzur dəhlizinin açılması enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq. Bununla yanaşı, Cəbrayıl rayonunda quraşdırılan 330 KVt enerji stansiyasının Naxçıvanla əlaqələndirilməsi, yüksəkgərginlik xətlərinin və çevirici stansiyaların qurulması, həmçinin 400 KVt Naxçıvan–Türkiyə enerji xəttinin çəkilməsi nəzərdə tutulur.
– Sonda bir pedaqoq olaraq enerji potensialının inkişafı barədə nə deyə bilərsiniz?
– Bir pedaqoq olaraq Naxçıvanın enerji strategiyasını çox perspektivli hesab edirəm. Bu strategiya təkcə enerji sektorunun deyil, həm də insan kapitalının inkişafına xidmət edir.
“Yaşıl enerji” zonası anlayışı tələbələrə və gənc mütəxəssislərə yeni imkanlar açır, onları innovativ texnologiyalarla tanış edir və təhsilin praktiki inkişafına böyük təkan verir. Eyni zamanda bu strategiya regionun iqtisadi potensialını artırır və Naxçıvanı gələcəkdə mühüm enerji mərkəzlərindən birinə çevirə bilər.
Rafiq TƏHMƏZ
“Şərq qapısı” qəzetinin müxbiri