“İqtisadi vəziyyət zəiflədikcə ən böyük zərbəni səssiz şəkildə borclar alır. Dünən rahatlıqla ödənilən kreditlər bu gün ağır yükə çevrilir. Borcalanlar artıq götürdükləri öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkir, banklar və digər kredit təşkilatları isə geri qayıtmayan vəsaitlərin təsiri altında sarsılmağa başlayır. Bu, təkcə fərdi problem deyil, bu, zəncirvari şəkildə bütün maliyyə sisteminə sirayət edən bir prosesdir”.
Bu sözləri SİA-ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, belə bir şəraitdə kredit müqavilələri sadəcə hüquqi sənəd olmaqdan çıxır, onlar bir növ gələcəyin sınaq kağızına çevrilir:
”Banklar bu müqavilələri hazırlayarkən fors-major halları nəzərə almalı, həyatın gözlənilməz tərəflərinə yer ayırmalıdırlar. Çünki reallıq göstərir ki, insanın vəziyyəti bir günün içində dəyişə bilər. Bu halda borcalanı daha da çətin vəziyyətə salan sərt şərtlər nə problemi həll edir, nə də bankı qoruyur, əksinə, uçurumu daha da dərinləşdirir.
Unudulmamalıdır ki, borcalanın zəifləməsi bankın da zəifləməsidir. Əgər müqavilələrdə yükü yüngülləşdirən mexanizmlər yoxdursa, əvəzində yalnız ağırlaşdırıcı maddələr üstünlük təşkil edirsə, bu artıq gələcək böhranın siqnalıdır. Çünki öhdəliyini yerinə yetirə bilməyən borcalan bank üçün aktiv deyil, riskdir.
Digər tərəfdən, borcalanların da məsuliyyəti var. Maliyyə vəziyyəti pisləşdiyi anda susmaq yox, danışmaq lazımdır. Problemi gizlətmək onu yox etmir, əksinə, daha da böyüdür. Vaxtında müraciət etmək, restrukturizasiya yollarını axtarmaq çıxış üçün ilk addımdır.
Banklar isə bu müraciətləri sadəcə formal prosedur kimi deyil, qarşılıqlı etimadın bir hissəsi kimi qəbul etməlidirlər. Çünki bu münasibət yalnız borcalanı deyil, bütövlükdə maliyyə sistemini qoruyur. Razılaşma, güzəşt və anlayış bəzən ən sərt qanunlardan daha effektiv olur.
Əks halda, fərdi borc problemi getdikcə ümumi iqtisadi problemə çevrilir. Dövlət büdcəsi bu yükü hiss etməyə başlayır, makroiqtisadi sabitlik sarsılır. Bu isə devalvasiya kimi ağır nəticələrə, hətta pul sistemində köklü dəyişikliklərə qədər gedib çıxa bilər.
Sonda məsələ sadədir: maliyyə münasibətlərində qalib və məğlub yoxdur. Ya hər iki tərəf birlikdə çıxış yolu tapır, ya da hər ikisi eyni dalğada çətinliyə düşür”.