Repetitorluğa ehtiyacın bu qədər artmasının əsas səbəbləri nələrdir? - EKSPERT AÇIQLADI

23 Aprel 2026 16:52 (UTC+04:00)

Son illər Azərbaycanda təhsil sahəsində aparılan islahatlar repetitorluq mövzusunu yenidən gündəmə gətirib. Mütəxəssislər hesab edir ki, ölkədə “məktəb + repetitor” modeli tədricən sıradan çıxaraq, daha çox məktəb əsaslı təhsil sistemi formalaşa bilər. Yeni yaradılan məktəb-lisey modellərinin əsas məqsədi şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan keyfiyyətli bilik əldə etməsidir. Bəs bu dəyişikliklər repetitorluğun həqiqətən aradan qalxmasına gətirib çıxara bilərmi? Repetitorluğa ehtiyacın bu qədər artmasının əsas səbəbləri nələrdir?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, repetitorluq təəssüflər olsun ki, hazırda Azərbaycanda demək olar ən iyrənc formada yayılıb:

“Dünyanın heç bir ölkəsində bu qədər repetitorluq geniş yayılmayıb. Əgər baxsaq, bir çox ölkələrdə repetitorluq yalnız o halda olur ki, şagirdin müəyyən fənn üzrə yaxşı bazası var və həmin bilik və bacarıqlarını daha da inkişaf etdirmək istəyir.

Bizdə isə erkən yaşdan, ibtidai təhsil pilləsindən tutmuş yuxarı siniflərə qədər demək olar ki, hər kəs uşağını repetitor yanına göndərir. Bu, nə bir bəhsdir, nə də düzgün bir yanaşma – bu artıq bir problemə çevrilib. Valideynlər istər-istəməz uşaqlarını repetitor yanına yönləndirirlər. Bu isə doğru deyil və narahatedici vəziyyətdir.

Əgər hər kəs uşağını erkən yaşdan 11-ci sinfə qədər repetitor yanına göndərirsə, o zaman məktəblər nə üçün fəaliyyət göstərir? Təhsili yenidən məktəbə qaytarmalıyıq. Təhsil məktəbdə verilməlidir. Ali məktəblərə qəbul imtahanlarının formatı mütləq dəyişdirilməlidir. Fənlərin sayı azaldılmalı, 6-7 fənn əvəzinə 3 fənn üzrə imtahan verilməsi kifayət etməlidir. Qəbul prosesi ümumilikdə sadələşdirilməlidir.

İmtahanlar çətinləşdirildikcə problemlər də artır: repetitor asılılığı, valideynlərin maliyyə yükü, abituriyentlərin psixoloji gərginliyi, stress və həyəcan. Hətta bəzi hallarda şagirdlərin psixoloji vəziyyətində ciddi problemlər müşahidə olunur. Bu, həqiqətən narahatedici haldır.

Yeni tətbiq olunan modellərə gəldikdə, nazirlik tərəfindən müəyyən təkmilləşdirmələr həyata keçirilir. Yuxarı siniflərdə şagirdlərin ixtisas qruplarına görə bölünməsi və onların ali məktəbə hazırlıq istiqamətində tədris alması nəzərdə tutulur. Hələlik bu sistem tam effekt verməsə də, müəyyən addımlar atılır.

Digər tərəfdən, müəllimlərin vahid iş rejimi tətbiq olunsa, onlar məktəbdə dərs keçdikdən sonra əlavə olaraq zəif və ya ali məktəbə hazırlaşan şagirdlərlə də işləyə bilərlər. Bu da müəyyən qədər repetitor asılılığını azalda bilər.

Ən ciddi problemlərdən biri isə ibtidai siniflərdə repetitor ehtiyacının yaranmasıdır. Bu, tamamilə qəbuledilməzdir. İbtidai sinif şagirdlərinin böyük əksəriyyəti ev tapşırıqlarını yerinə yetirmək üçün repetitor yanına gedir. Bu isə ziddiyyətli və ağrılı bir vəziyyətdir.

İbtidai sinif şagirdi niyə repetitora ehtiyac duymalıdır? Məncə, ev tapşırıqları ləğv olunmalıdır. Ev tapşırıqları aradan qaldırılsa, repetitor ehtiyacı da minimuma enər. Valideynlər vaxt ayıra bilmədikləri üçün uşaqları repetitor yanına göndərirlər. Bu səbəbdən Təhsil Nazirliyi ev tapşırıqları ilə bağlı ciddi qərar verməlidir.

Ümumilikdə repetitor asılılığını azaltmaq üçün həm qəbul modeli dəyişməli, həm fənlərin sayı azaldılmalı, həm də ibtidai təhsildə ev tapşırıqları ləğv olunmalıdır. Yalnız bu halda repetitorluğun qarşısını müəyyən qədər almaq mümkündür.

Əks halda bu problem getdikcə daha da artacaq və nəticədə həm valideynlər, həm də təhsil sistemi daha böyük çətinliklərlə üzləşəcək”.