“Bu, münaqişənin aşağı və orta intensivlikdə davam etməsi ehtimalını gücləndirir” - ŞƏRH EDİLDİ

23 Aprel 2026 16:44 (UTC+04:00)

“Artıq beş ildir davam edən Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlər sisteminə təsir göstərən əsas təhlükəsizlik böhranlarından biri olaraq qalır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Aytən Qurbanova deyib.

Onun sözlərinə görə, münaqişənin inkişaf xronikasına nəzər yetirdikdə aydın şəkildə müşahidə etmək olur ki, tərəflərdən heç biri qısa müddətli perspektivdə həlledici hərbi-siyasi üstünlük əldə edə bilməyib və proses artıq uzunmüddətli strateji qarşıdurma mərhələsinə daxil olub: “Hazırkı vəziyyət isə yalnız iki dövlət arasında silahlı qarşıdurma kimi deyil, eləcə də Avropa təhlükəsizlik arxitekturasının gələcəyi, enerji marşrutlarının yenidən formalaşması, qlobal güc mərkəzləri arasında rəqabətin dərinləşməsi və regional sabitlik məsələləri kontekstində qiymətləndirilməlidir. Son zamanlarda cəbhənin müxtəlif istiqamətlərində taktiki xarakterli dəyişikliklər müşahidə olunsa da, mövcud dinamika tərəflərdən heç birinin strateji üstünlük əldə etdiyini deməyə əsas vermir. Rusiya müəyyən istiqamətlər üzrə hücum imkanlarını qoruyub saxlayır və buna yüksək resurs və zaman sərf edərək nail olduğu aydındır. Digər tərəfdən isə Ukrayna tərəfi müdafiə potensialını saxlayaraq beynəlxalq tərəfdaşlardan aldığı siyasi, maliyyə və hərbi dəstək vasitəsilə müqavimət qabiliyyətini davam etdirir. Bu isə münaqişənin yaxın perspektivdə aşağı və orta intensivlikdə davam etməsi ehtimalını gücləndirir. Mövcud reallıq isə ondan ibarətdir ki, cəbhədə lokal dəyişikliklər mümkün olsa da, qısa müddətdə hərbi yolla yekun nəticənin əldə olunması real görünmür. Həmçinin danışıqlar prosesi çərçivəsində tərəflərin fundamental mövqelərində ciddi dəyişiklik müşahidə olunmur. Rusiya nəzarətə götürdüyü ərazilərlə bağlı yeni siyasi reallıqların qəbulunu önə çəkir. Ukrayna isə beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasını əsas prinsip kimi irəli sürür. Ona görə də, yaxın perspektivdə yekun sülh sazişinin imzalanması ehtimalı çox aşağıdır. Daha real ssenari isə mərhələli humanitar razılaşmalar, əsir mübadilələri, lokal atəşkəs təşəbbüsləri və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi ola bilər”.