...SİA xəbər verir ki, AFP agentliyinin məlumatına görə, ABŞ Əfqanıstandan təxliyə edildikdən sonra Qətərdəki keçmiş Amerika hərbi bazasında qalan Əfqanıstan müttəfiqlərini Konqo Demokratik Respublikasına göndərməyi düşünür.
Qeyd edilməlidir ki, hazırda bazada ABŞ-a mühacirət etməzdən əvvəl buranı dayanacaq hesab edən təxminən 1100 əfqan yaşayır.
Lakin Donald Trampın məhdudlaşdırıcı immiqrasiya siyasəti onların arzusunu puça çıxarıb. O, düşərgənin bağlanması üçün 31 mart tarixi təyin etmişdi, bu tarix bitib, lakin buradakı sakinlərin taleyi hələ də həll olunmayıb.
ABŞ-ın Əfqanıstan müttəfiqlərinin məskunlaşdırılmasına kömək etmək üçün yaradılan AfghanEvac qrupunun rəhbəri Şon VanDiver bildirib ki, Tramp qaçqınlara müharibənin davam etdiyi Konqo Demokratik Respublikasına getmək və ya Əfqanıstana qayıtmaq seçimini təklif etmək niyyətindədir.
Xatırladaq ki, Konqo Demokratik Respublikası özü Ruanda ilə hərbi münaqişədən əziyyət çəkir və öz qaçqın problemini necə həll edəcəyindən əmin deyil.
...Siz 400-dən çoxu uşaq olan hərbi müttəfiqləri ABŞ həbsxanasından özü dağılmaq üzrə olan bir ölkəyə köçürmürsünüz. Bütün məsələ budur. Və administrasiya bunu bilir, - deyə VanDiver bildirib və təklifin sadəcə insanları könüllü olaraq Əfqanıstana qayıtmağa məcbur etmək üçün bir yol olduğunu qeyd edib.
Dövlət Departamenti Konqo Demokratik Respublikasında əfqanları yerləşdirməyi nəzərdən keçirib-keçirmədiyini dəqiqləşdirməyib, lakin onların Qətərdəki əs-Səyliyyə düşərgəsindən "könüllü köçürülməsi" üçün yer axtardığını təsdiqləyib.
Dövlət Departamentinin mətbuat xidməti bildirib ki, “düşərgə sakinlərinin üçüncü ölkəyə köçürülməsi, onlara təhlükəsizlik və amerikalıların təhlükəsizliyini qoruyarkən Əfqanıstandan kənarda yeni bir həyata başlamaq imkanı verəcək müsbət bir qərardır”.
Bayden administrasiyası dövründə ölkələrinə qarşı Amerika təcavüzünü dəstəkləyən təxminən 190.000 əfqan ABŞ-a mühacirət edib, lakin Trampın dövründə bu immiqrasiya proqramı dayandırılıb.
Əli Babayev