"Laçın sərhəd-keçid məntəqəsinin yaradılması regionda yeni reallıq formalaşdırdı" - POLİTOLOQ

23 Aprel 2026 15:37 (UTC+04:00)

"2023-cü il 23 aprel tarixində Laçın–Xankəndi yolunun başlanğıcında, Azərbaycan–Ermənistan dövlət sərhədində buraxılış məntəqəsinin qurulması regionda postmünaqişə mərhələsinin ən kritik və prinsipial addımlarından biri kimi tarixə düşdü".

u sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu qərar, ilk növbədə, Azərbaycanın suveren hüquqlarının bərpası istiqamətində ardıcıl və qətiyyətli siyasətin məntiqi davamı idi və məhz İlham Əliyev tərəfindən həyata keçirilən strateji xəttin nəticəsi kimi qiymətləndirilməlidir: "Əslində, bu addım təkcə texniki və ya inzibati tədbir deyildi. Söhbət dövlətin öz sərhədlərinə nəzarəti tam şəkildə təmin etməsindən, hüquqi suverenliyin real coğrafiyada təsbit olunmasından gedirdi. Uzun illər ərzində Laçın dəhlizi ətrafında formalaşmış qeyri-müəyyənlik və sui-istifadə imkanları bu qərarla aradan qaldırıldı. Azərbaycan açıq şəkildə göstərdi ki, onun ərazisində hər hansı “boşluq zonası” mövcud deyil və olmayacaq.

Bu kontekstdə buraxılış məntəqəsinin yaradılması bir neçə mühüm strateji mesajı ortaya qoydu. İlk növbədə, Bakı artıq postmünaqişə dövründə prosesləri passiv izləyən tərəf deyil, qaydaları müəyyən edən əsas aktordur. Bundan əlavə, regionda təhlükəsizlik və nəqliyyat məsələlərinin beynəlxalq manipulyasiyalara deyil, dövlət suverenliyinə əsaslanmalı olduğu aydın şəkildə nümayiş etdirildi. Eyni zamanda, Azərbaycan humanitar və nəqliyyat əlaqələrinə qarşı deyil, sadəcə onların hüquqi çərçivədə və şəffaf şəkildə həyata keçirilməsini tələb edir.

Bu addım həm də informasiya müstəvisində aparılan təzyiqlərə verilmiş ciddi cavab idi. Müxtəlif dairələr tərəfindən “blokada” kimi təqdim olunmağa çalışılan narrativlər faktiki olaraq iflasa uğradı. Çünki buraxılış məntəqəsi məhz nəzarətli, qanuni və şəffaf keçidi təmin edən mexanizm kimi fəaliyyət göstərir. Burada məqsəd məhdudlaşdırmaq deyil, qayda yaratmaqdır.

Bir il sonra vəziyyətə baxıldıqda aydın şəkildə görünür ki, bu qərar regionda yeni reallığın formalaşmasında əsas rol oynayıb. Azərbaycanın dövlət iradəsi konkret addımlarla təsdiqlənib və bu, həm daxili, həm də beynəlxalq səviyyədə ciddi siyasi çəkisi olan bir mesaj kimi qəbul edilib: suverenlik müzakirə mövzusu deyil, icra olunan faktdır.

Bu baxımdan Laçın sərhəd-keçid məntəqəsinin yaradılması yalnız bir günün hadisəsi deyil, Azərbaycanın strateji dövlətçilik xəttinin parlaq nümunəsidir. Burada əsas istiqamət dəyişməz qalır, milli maraqların qorunması, ərazi bütövlüyünün təmin edilməsi və dövlət suverenliyinin kompromissiz şəkildə həyata keçirilməsi".