İyunun 12-də Ali Məhkəmənin Elmi-məsləhət şurasının növbəti iclasının keçirilməsi nəzərdə tutulur.
Ali Məhkəmədən SİA-ya verilən məlumata görə, iclasda “Məhkəmələr tərəfindən mübahisələrə baxılarkən inzibati praktikada bərabər yanaşma və etimad hüququnun qorunması prinsiplərinin tətbiqi məsələlərinə dair “ müzakirələrin təşkili planlaşdırılıb.
Müzakirə olunacaq mövzuların əhəmiyyəti nəzərə alınaraq, bu sahələr üzrə ixtisaslaşmış hüquqşünas ekspertlər ad-hoc üzv kimi Elmi-məsləhət şurasının təşkil edəcəyi müzakirələrdə iştiraka və yazılı mülahizələrini təqdim etməyə dəvət olunurlar.
Qeyd olunan mövzulara dair elmi müzakirələrdə iştirak etmək istəyən hüquqşünas ekspertlərin cari il iyunun 5-dək [email protected] ünvanına müraciət etmələri (CV əlavə olunmaqla) təklif olunur.
Seçiləcək namizəd ekspertlər iclasa ad-hoc üzvlər kimi dəvət olunacaqlar.
Aşağıdakı suallar ətrafında müzakirələrin aparılması planlaşdırılır
1. Qanunvericilik “etimadın qorunması” prinsipinə necə anlayış verib? Məhkəmə təcrübəsi bu prinsipi necə təfsir (izah) edir? Həmin anlayış və təfsir (izah) inzibati orqanın inzibati icraatı apararkən formalaşdırdığı inzibati praktikaya etimadla yanaşı, qanunvericiliyə və məhkəmə təcrübəsinə etimadı da ehtiva edirmi?
2. Etimad hüququnun qorunması ilə bağlı inzibati praktikaya, qanunvericiliyə və məhkəmə təcrübəsinə etimadı yaranma əsaslarına və təqdim etdikləri qoruma sferasına görə fərqləndirmək lazımdırmı? Əgər belə fərqləndirmə aparılmalıdırsa, hansı meyarlar əsasında aparılmalıdır?
3. Qanunvericilikdə və məhkəmə təcrübəsində “inzibati praktika”ya anlayış və izah verilibmi? İnzibati praktika dedikdə nə başa düşülməlidir?
4. İnzibati orqanın hər hansı bir təcrübəsi nə zaman inzibati praktikaya çevrilmiş sayılmalıdır? İnzibati orqanlar praktika yaradan qərarlarını xüsusi hüquqi mexanizmlər vasitəsilə, yoxsa ümumi qaydaya uyğun qəbul edirlər?
5. İnzibati praktikanın mövcudluğu hansı qaydada müəyyən edilir? Vətəndaşlar və məhkəmələr üçün inzibati praktikanı müəyyən etmək əlçatandırmı? İnzibati praktika ilə bağlı dövri monitorinqlər aparılırmı?
6. İnzibati praktikaya etimad hüququnun tanınması üçün hansı şərtlərin mövcudluğu tələb olunur?
7. İnzibati praktikanın yaradılması, yenilənməsi və dəyişdirilməsi hansı qaydada həyata keçirilir? Xüsusilə məhkəmə təcrübəsi inzibati praktikanın yaradılmasını, yenilənməsini və dəyişdirilməsini tələb etdikdə inzibati orqanların fəaliyyətində bu baş verirmi və hansı hüquqi mexanizmlər vasitəsilə həyata keçirilir?
8. Məhkəmə təcrübəsinin tələb etməsinə baxmayaraq, inzibati praktika dəyişmədikdə hansı tədbirlər (o cümlədən məsuliyyət tədbirləri) görülməlidir?
9. İnzibati orqan istər özünün mövcud olan, istərsə də məhkəmə təcrübəsi vasitəsilə yaradılmış inzibati praktikasına uyğun davranmadıqda məsuliyyət məsələsi necə həll olunmalıdır?
10. Qanunsuz və ya qanuni əlverişli inzibati aktların ləğvi zamanı etimad hüququnun qorunması necə tənzimlənir? İnzibati aktın ləğvi zamanı maraqlı şəxsin etimad hüququnun nəzərə alınması hansı hallarda mümkün hesab olunur?
11. Qanunsuz əlverişli inzibati aktların ləğvi zamanı maraqlı şəxsin etimad hüququnun məhdudlaşdırılması hansı hallarda mümkün hesab edilir?
12. Qanunsuz və ya qanuni əlverişli inzibati aktların ləğvi zamanı maraqlı şəxsin çəkdiyi xərclərin və ya itkilərin kompensasiya edilməsi məsələsi necə həll olunur?
13. Qanunsuz və ya qanuni əlverişli inzibati aktların ləğvi zamanı dövlət və ictimai maraqlar ilə fərdi maraqların balansı hansı meyarlar əsasında müəyyən edilir?
14. Qanunsuz və ya qanuni əlverişli inzibati aktların ləğvi hər hansı müddətlə məhdudlaşırmı? Qanunvericilikdə təsbit edilmiş konkret müddətlər varmı ki, həmin müddətlər keçdikdən sonra əlverişli inzibati aktın ləğvi məsələsinə baxıla bilməz? Müddətin başlanğıcı hansı qaydada müəyyənləşdirilməlidir? İnzibati orqanın aktın ləğvinə əsas təşkil edən halı bildiyi və ya bilməli olduğu vəziyyətlər hansı meyarlar əsasında fərqləndirilməlidir?
15. İnzibati praktika nə zaman və hansı meyarlar əsasında qanunsuz inzibati praktika sayıla bilər? Qanunsuz inzibati praktikaya etimad hüququ tanınırmı?
16. Zəruri hesab edilən digər başqa məlumatlar da təqdim oluna bilər.