“Artıq bəzi ölkələrdə sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə konkret olaraq qardaş Türkiyədə müəyyən addımlar atılıb və ilin sonuna qədər sosial şəbəkələrə girişin şəxsiyyət vəsiqəsi ilə olması gözlənilir”.
Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media üzrə ekspert Hacıbəy Heydərli bildirib.
Onun sözlərinə görə, bu, kifayət qədər düzgün yanaşmadır. Çünki hazırda sosial şəbəkələrdə istənilən şəxs saxta profil yaradaraq hüquqa zidd hərəkətlər edə bilir. Milli-mənəvi dəyərlərin təhqir olunması, insanların alçaldılması, qeyri-etik paylaşımlar, dövlət əleyhinə çıxışlar, hətta terrorizmin təbliği kimi hallarla tez-tez qarşılaşırıq. Bu problem təkcə Azərbaycanda deyil, demək olar ki, bütün dünyada müşahidə olunur.
Bu baxımdan, sosial şəbəkələrə şəxsiyyət vəsiqəsi ilə girişin təmin olunması belə neqativ halların qarşısının alınmasına kömək edə bilər. Nəticədə, daha sağlam və məsuliyyətli bir sosial media mühiti formalaşa bilər.
Qeyd etmək lazımdır ki, bu sistem şəxsi məlumatların sosial şəbəkələrə ötürülməsi demək deyil. Məsələn, Türkiyə təcrübəsində bu məlumatların platformaların bazasına daxil edilməsi nəzərdə tutulmur. Sadəcə olaraq, istifadəçinin şəxsiyyəti təsdiqlənir və bu, dövlət nəzarəti çərçivəsində həyata keçirilir.
Gələcəkdə Azərbaycanda da bu cür bir sistemin tətbiqi mümkündür. Xüsusilə nəzərə alsaq ki, sosial şəbəkələr , əsasən də TikTok və Instagram, yeniyetmələr arasında bəzən mənfi təsirlər yaradır. Bu isə bəzi hallarda psixoloji problemlərə, hətta daha ağır nəticələrə gətirib çıxara bilir.
Bu səbəbdən hesab edirəm ki, belə bir addım artıq zamanın tələbidir. Dünyanın bir çox ölkəsində sosial şəbəkələr və süni intellektlə bağlı qanunvericilik tədbirləri gücləndirilir. Əgər bu sistem tətbiq olunarsa, istifadəçilər öz hüquqi məsuliyyətlərini daha yaxşı dərk edər və sosial mediada davranış mədəniyyəti yüksələr”.