Türkiyənin Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə olub.
Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində türkiyəli qonaqlar bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan xalqına qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər.
N hərbi hissəsini ziyarət edən türkiyə nümayəndə heyəti burada yaradılan şərait ilə tanış olub. Qonaqlara torpaqların azadlığı və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən bölmələrin döyüş yolu haqqında geniş məlumat verilib.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Türkiyə MMU-nun nümayəndə heyəti səfər proqramına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunu ziyarət edəcəklər.