Mənşəyi bilinməyən kremlərin hansı təhlükələri var? - DERMATOLOQ DANIŞDI

22 Aprel 2026 17:15 (UTC+04:00)

Son zamanlar "Instagram" və "TikTok" sanki nəzarətsiz bir aptekə çevrilib. Mənşəyi məlum olmayan, möcüzəvi təsir vəd edən üz kremləri sürətlə yayılır. Bəs bir qab kremin içində bizi hansı təhlükələr gözləyir?

Məsələ ilə bağlı dermatoloq Leyli Məmmədova SİA-ya açıqlamasında bildirib ki, müraciət edən pasiyentlərin təxminən 60%-i həkim məsləhəti olmadan — “qonşum dedi”, “bacım aldı”, “filankəsə bu həkim məsləhət gördü”, “aptekdəki işçi dedi” kimi fikirlərlə məhsul seçir:

“Yəni bu hal son günlərdə deyil, ümumiyyətlə son illərdə çox yayılıb və bu məsələyə ciddi diqqət etmək lazımdır.

Sizin ətrafınızdakı insanların dərisi ilə sizin dərinizin heç bir əlaqəsi yoxdur. Hətta bacınız olsa belə, genetik olaraq fərqli ola bilərsiniz — biri ata tərəfdən, digəri ana tərəfdən fərqli dəri tipi ala bilər. Buna görə də birinə uyğun gələn krem digərinə uyğun olmaya bilər. Sizdə həssas dəri ola bilər, digərində yağlı, sizdə quru dəri ola bilər.

Bu səbəbdən məsləhətləşmədən və dəqiq dəri tipinizi bilmədən heç bir krem və ya maska alıb istifadə etməyin. Elə maskalar var ki, insanlar onu üzünə tətbiq etdikdən sonra illərlə əziyyət çəkirlər. Akne problemi yaranır, həssaslıq artır, xırda allergik səpkilər meydana çıxır və siz həmin məhsulların tərkibini belə oxumursunuz.

Yəni kiminsə məsləhəti ilə kor-koranə krem alıb istifadə etmək və ondan xeyir gözləmək hər kəs üçün keçərli deyil. Əksinə, zərəri ola bilər və aylarla bu problemlərdən qurtula bilməzsiniz, hətta izləri də qala bilər.

Ona görə də daha düzgün olar ki, həkim məsləhəti — xüsusilə dermatoloqun tövsiyəsi olmadan bu cür kremləri özbaşına istifadə etməyəsiniz. Çünki həkim sizin dəri tipinizi və probleminizi bilir, hansı kremin sizə uyğun olub-olmadığını qiymətləndirə bilir. Həmçinin kiçik test nümunələri verilir, krem əvvəlcə dəridə yoxlanılır və uyğun gəldiyi halda təyin olunur.

Yenə də vurğulayıram: həkim məsləhəti olmadan istənilən mağazadan və ya aptekdən aldığınız kremləri üzünüzə tətbiq etməyin. Bu, ciddi fəsadlara səbəb ola bilər”.