İnsanlar niyə yalan danışır? - PSİXOLOQ AÇIQLADI

22 Aprel 2026 17:07 (UTC+04:00)

Gündəlik həyatda tez-tez eşitdiyimiz bəzi ifadələr var ki, artıq demək olar hər kəs onları yalan kimi qəbul edir. “5 dəqiqəyə çatıram”, “sabah mütləq hazır olacaq”, “səndən başqa heç kimi sevməmişəm” kimi sözlər bəzən sadəcə vəziyyətdən çıxmaq üçün deyilən ifadələrə çevrilir. Bəs insanlar niyə belə yalanlara əl atır və niyə artıq bu sözlər əvvəlki kimi inandırıcı səslənmir?

Məsələ ilə bağlı psixoloq Vüsalə Əmiraslanova SİA-ya açıqlamasında bildirib ki, gündəlik həyatımızda eşitdiyimiz bu ifadələr əslində hər bir insanın xarakterinin göstəricisidir:

“Bəzən işləri qarışıq olan insanlar təəssüf ki, yalanlara əl ataraq vəziyyəti düzəltməyə çalışırlar. Amma psixoloji baxımdan burada əsas məsələ odur ki, yalan yalanı doğurur və insanlar dürüstlük prinsipinə əməl etmirlər. Bəzən qarşı tərəfə özlərini yanlış tanıtmamaq üçün belə ifadələrdən istifadə edir və düşünürlər ki, bunu deyərək vaxt udurlar və ya diqqətdən yayınırlar, insanlar da bunu mənfi qarşılamır.

Mən düşünürəm ki, psixoloqların fikrinə görə insanlar nə qədər dürüst olsalar, nə qədər səmimi davransalar, onların həyatlarında problemlər bir o qədər az olar. Əgər bir işi gecikdirirəmsə, bunu həll etməyin ən yaxşı yolu özümü proqramlaşdırmaq, zamanı düzgün idarə etməyi öyrənməkdir. Əgər nəyisə unutmuşamsa, bunu qarşı tərəfə səmimi şəkildə etiraf etmək lazımdır: “Mən bunu unutmuşam, sabaha çatdırmağa çalışacağam, üzrlü hesab edin.” Sadəcə “bacardığımı edəcəyəm” deməkdənsə, problemi həll etmək daha doğrudur.

Psixoloqların tez-tez araşdırdığı bir məsələ də budur: niyə insanın dedikləri ilə əməlləri üst-üstə düşmür? Bəzən bu, insanın xarakterindəki problemlərlə, şəxsiyyətinin tam formalaşmaması ilə bağlı olur. Bəzən də insanlar başqalarının təsiri altına düşürlər və “başqasında alınırsa, niyə məndə alınmasın?” düşüncəsi ilə kiçik yalanlara əl atırlar. Hətta bəzən özlərinə haqq qazandırırlar ki, əgər bu yalan heç kəsi incitmirsə, deməli, bu yalan sayılmır”.