Son günlər sosial şəbəkələrdə “süni yumurta” və digər süni ərzaqların Azərbaycana gətirilməsi ilə bağlı yayılan iddialar ciddi müzakirələrə səbəb olub. Bu məlumatlar insanlar arasında narahatlıq və qida məhsullarına qarşı inamsızlıq da yaradıb. Xüsusilə qida təhlükəsizliyinin ön planda olduğu bir vaxtda bu cür xəbərlərin nə dərəcədə doğru olduğu sual doğurur. Bəs həqiqətən bazarda süni yumurta riski varmı, yoxsa bu sadəcə sosial mediada yayılan əsassız iddialardır? Yayılan “süni yumurta” iddiaları nə dərəcədə reallığa uyğundur? Ümumiyyətlə “süni yumurta” dedikdə nə nəzərdə tutulur?
Məsələ ilə bağlı qida eksperti Seymur Qafarov SİA-ya açıqlamasında bildirib ki, ərzaq məhsulları alarkən onun keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı bir sıra vacib məqamlara diqqət yetirmək lazımdır:
“Son zamanlar süni yumurta və digər süni ərzaq məhsulları, süni düyü və bu kimi məhsulların Azərbaycana idxal olunması ilə bağlı sosial şəbəkələrdə istehlakçılar arasında müəyyən müzakirələr aparılır.
İlk öncə vurğulamaq istəyirəm ki, Azərbaycana qida məhsulları daxil olan zaman bu proses heç də kağız üzərində deyil, birbaşa elektron portal üzərindən izlənmə əsasında həyata keçirilir. Bu sistem avtomatlaşdırılmış qida təhlükəsizliyi informasiya sistemidir. Məhsul həmin sistemə daxil edilir, onun sənədləri təhlil və ekspertiza olunduqdan sonra laborator analiz mərhələsinə keçirilir. Daha sonra müfəttişlər tərəfindən nümunələr götürülərək sınaqlara cəlb olunur və yalnız keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verdikdən sonra məhsulun satışına icazə verilir.
Bu səbəbdən süni yumurtaların bu sistem vasitəsilə bazara daxil olması praktik olaraq mümkün deyil. Çünki belə məhsullar laborator analizdən keçə bilməz və satışına icazə verilməz. Ona görə də bu kimi məlumatlar bəzən insanlar arasında yanlış təsəvvür yaradır.
Bununla yanaşı, ümumiyyətlə süni məhsullara qarşı diqqətli olmaq və onların keyfiyyət göstəricilərini yoxlamaq üçün istehlakçılar məhsul alarkən bir neçə vacib məqama diqqət yetirməlidirlər. Ən başlıcası, qida məhsullarının etiket məlumatları ilə tanış olmaqdır. Yumurtanın və digər məhsulların mənşəyi, istehsalçı məlumatları və saxlanma şəraiti mütləq yoxlanılmalıdır.
Bu məlumatlar əsasında məhsulun təbii və ya şübhəli olması barədə ilkin fikir formalaşdırmaq mümkündür. Bundan əlavə, bəzi hallarda insanlar tərəfindən tətbiq olunan sadə yoxlama üsulları da mövcuddur. Məsələn, düyünü yandıraraq onun plastik olub-olmadığını yoxlamağa çalışırlar və ya yumurtanın sarısının formasına baxaraq müəyyən nəticə çıxarırlar. Lakin bu üsullar tam etibarlı sayılmır.
Ən düzgün və etibarlı nəticə məhsulun istehsalçı tərəfindən təqdim olunan və müvafiq qurumlar tərəfindən təsdiqlənmiş laborator analiz nəticələrinə əsaslanmaqdır”.