“Müasir dövrdə istehlakçıların əksəriyyəti alış-veriş zamanı nağdsız ödəniş vasitələrindən, xüsusilə bank kartlarından istifadə edir. Bu baxımdan, alınmış malın geri qaytarılması zamanı ödənilmiş məbləğin istehlakçıya qaytarılması prosesi praktiki əhəmiyyət kəsb edir və müəyyən hüquqi suallar doğurur”.
Bu sözləri SİA-ya açıqlamasında vəkil Səma Əhmədova deyib.

O bildirib ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, o cümlədən İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Qanuna əsasən, istehlakçı malı geri qaytardıqda onun ödədiyi məbləğ geri qaytarılmalıdır:
“Bu ödəniş, adətən, ödənişin həyata keçirildiyi üsulla, yəni bank kartına geri köçürmə yolu ilə həyata keçirilir. Lakin praktikada tez-tez belə hallar baş verir ki, satıcı tərəfindən geri qaytarma əməliyyatı vaxtında icra edilsə də, məbləğin istehlakçının hesabına köçməsi bank tərəfindən müəyyən müddət gecikdirilə bilər. Bu halda məsuliyyət məsələsinin düzgün müəyyən edilməsi vacibdir.
Əgər satıcı geri qaytarma (refund) əməliyyatını vaxtında həyata keçirmiş və bunu təsdiq edən sənədlər (POS çıxarışı, əməliyyat qəbzi və s.) mövcuddursa, bundan sonrakı gecikmə bankın əməliyyat prosedurları ilə bağlıdır. Belə vəziyyətdə gecikməyə görə məsuliyyət satıcının deyil, ödənişi emal edən bankın üzərinə düşür.
Digər tərəfdən, əgər satıcı ümumiyyətlə geri qaytarma əməliyyatını gecikdirir və ya icra etmir, bu halda məsuliyyət birbaşa satıcıya aiddir və istehlakçı öz hüquqlarının müdafiəsi üçün müvafiq qaydada müraciət edə bilər.
Qeyd edilməlidir ki, banklararası əməliyyatların texniki emalı müəyyən vaxt tələb edə bilər və bu müddət bankın daxili qaydalarına uyğun olaraq bir neçə iş günü təşkil edə bilər. Əgər əməliyyat qanunvericilik şərtlərinə uyğun icra edilirsə, bu hüquqi baxımdan gecikmə hesab olunmaya bilər.
Nəticə etibarilə, bank kartı ilə ödənilmiş malın qaytarılması zamanı vəsaitin istehlakçıya gec çatması halında məsuliyyətin kimə aid olması geri qaytarma əməliyyatının hansı mərhələsində gecikmənin baş verməsindən asılıdır, satıcı əməliyyatı gecikdiribsə — məsuliyyət satıcıya, bank emal prosesində gecikmə olubsa — məsuliyyət banka aiddir.
İstehlakçılara tövsiyə olunur ki, belə hallarda ilk növbədə satıcıdan geri qaytarma əməliyyatının həyata keçirildiyini təsdiq edən sənədi tələb etsinlər və zərurət yarandıqda bankla əlaqə saxlasınlar”.
Ayşən Vəli