"Azərbaycan böyük beynəlxalq şəhərsalma tədbirinə hazırlaşır" - DEPUTAT DANIŞDI

22 Aprel 2026 15:01 (UTC+04:00)

"Bu ilin 17-22 may tarixlərində Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumu keçiriləcək. Bununla bağlı hələ 2023-cü ildə Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında forumun Bakıda keçirilməsinə dair ev sahibi ölkə sazişi imzalanmışdır. 2024-cü ildə isə bu sənəd Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuşdur".

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclis deputatı Arzuxan Əlizadə deyib.

Onun sözlərinə görə, hazırda forumun yüksək səviyyədə təşkili istiqamətində ciddi işlər görülür: "Azərbaycan tərəfdən Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev milli koordinator təyin edilmiş, eyni zamanda təşkilat komitəsi formalaşdırılmışdır. Bu komitə forumadək olan müddətdə bütün təşkilati məsələlərin həlli ilə fəal şəkildə məşğuldur.

Qeyd etmək lazımdır ki, bu cür mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Forumda çoxsaylı xarici qonaqların, beynəlxalq təşkilat nümayəndələrinin və nüfuzlu ekspertlərin iştirakı gözlənilir.

Xüsusilə vurğulamaq lazımdır ki, 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərdə, Qarabağ və Şərqi Zəngəzur regionlarında genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirir. Bu çərçivədə müasir infrastruktur layihələri, yeni yaşayış məntəqələri, nəqliyyat qovşaqları və sosial obyektlər yüksək standartlara uyğun şəkildə inşa olunur.

Bütün bu işlər həmin regionların dayanıqlı inkişafını təmin etməklə yanaşı, onların ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyasını da sürətləndirir. Eyni zamanda, bu proseslər Azərbaycana olan siyasi və iqtisadi marağı artırır, dost ölkələrin bu ərazilərə investisiya qoymasına əlverişli şərait yaradır.

Beləliklə, Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsi, həm də regionun inkişaf perspektivlərinin təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Biz əvvəlki dövrlərdə işğaldan azad olunmuş ərazilərdə, Şuşada, Ağdamda və Laçında bir sıra mühüm beynəlxalq tədbirlərin keçirilməsinə şahidlik etmişik. Azərbaycan dövləti bu tədbirlərə uğurla ev sahibliyi etmişdir və bu, ölkəmizin nüfuzlu beynəlxalq platformalara ev sahibliyi etmək imkanlarını bir daha nümayiş etdirir.

Belə tədbirlərin Azərbaycanda keçirilməsi təkcə təşkilati proses deyil, eyni zamanda yüksək beynəlxalq məsuliyyət və qlobal missiya deməkdir. Azərbaycan bu missiyanı yüksək səviyyədə həyata keçirməklə həm diplomatik nüfuzunu artırır, həm də öz inkişaf modelini dünyaya təqdim edir. Bu cür tədbirlər ölkəmizin regionda aparıcı dövlət kimi mövqeyini bir daha təsdiqləyir.

Forum çərçivəsində Azərbaycana gələcək nüfuzlu qonaqlara ölkəmizdə həyata keçirilən ağıllı şəhər və ağıllı kənd layihələri təqdim olunacaq. Eyni zamanda müasir şəhərsalma yanaşmaları, yeni inkişaf modelləri və həyata keçirilən iri infrastruktur layihələri nümayiş etdiriləcək.

Bütün bunlar Azərbaycanın müasir şəhərsalma sahəsində yüksək potensiala malik olduğunu, inkişaf proseslərinin sistemli və strateji şəkildə həyata keçirildiyini bir daha göstərir".