İşdən qanunsuz çıxarılma hallarında vətəndaş nə etməlidir? - VƏKİL AÇIQLADI

22 Aprel 2026 11:29 (UTC+04:00)

"İlk növbədə, vətəndaş işdən azad olunma barədə əmrin (sərəncamın) surətini tələb etməli və onun hüquqi əsaslarını yoxlamalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçinin işdən azad edilməsinin konkret əsaslarını və prosedur qaydalarını dəqiq müəyyən edir".

Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

Onun sözlərinə görə, əgər işəgötürən bu tələbləri pozubsa (məsələn, əsaslandırma yoxdur, xəbərdarlıq müddəti gözlənilməyib və ya intizam icraatı düzgün aparılmayıb), bu artıq qanunsuz işdən çıxarma kimi qiymətləndirilə bilər. Daha sonra, vətəndaş sübut bazasını formalaşdırmalıdır: "Buraya əmək müqaviləsi, işdən çıxarılma əmri, əmək kitabçası qeydləri, daxili yazışmalar, şahid ifadələri və sair aidiyyəti sənədlər daxildir. Sübutların mövcudluğu məhkəmə baxımından həlledici rol oynayır.

Növbəti mərhələdə, vətəndaş ilkin olaraq işəgötürənə yazılı qaydada etiraz (pretenziya) təqdim edə bilər. Bu, mübahisənin məhkəmədənkənar həlli üçün vacib addım olsa da, məcburi deyil.

Bu qəbildən mübahisələrdə məcburi olan işçinin müvafiq mediasiya təşkilatına müraciətidir. Əmək və ailə münasibətlərində ilkin mediasiya sessiyasından keçmədən məhkəməyə müraciət etmək mümkün deyil.

Əgər nəticə əldə olunmazsa, vətəndaş məhkəməyə müraciət etməlidir.

Məhkəməyə müraciət zamanı diqqət edilməli əsas məqam müddətdir. Əmək mübahisələri üzrə işdən azad olunma ilə bağlı iddialar adətən işçiyə müvafiq əmrin təqdim edildiyi gündən etibarən 1 ay müddətində qaldırılmalıdır. Bu müddətin ötürülməsi iddianın təmin olunmasını çətinləşdirə bilər, lakin üzrlü səbəblər olduqda bərpa edilə bilər.

İddia tələbləri adətən aşağıdakılar ola bilər:
1. İşə bərpa olunma

2. Məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi

Əlavə olaraq, vətəndaş Dövlət Əmək Müfəttişliyi Xidməti-nə şikayət verə bilər. Bu qurum işəgötürənin əmək qanunvericiliyinə əməl edib-etmədiyini yoxlamaq səlahiyyətinə malikdir və inzibati tədbirlər görə bilər, lakin işə bərpa məsələsi əsasən məhkəmə qaydasında həll olunur.

Nəticə etibarilə, qanunsuz işdən çıxarılma hallarında vətəndaş operativ davranmalı, hüquqi prosedurlara riayət etməli və sübutlarını düzgün təqdim etməlidir. Bu kateqoriya mübahisələrdə peşəkar hüquqi yardımın alınması işin uğurlu nəticələnməsi ehtimalını əhəmiyyətli dərəcədə artırır".