Bəhruz Quliyev: "Cənubi Qafqazda dayanıqlı sülhün açarı Ermənistan Konstitusiyasındadır" – ÖZƏL

21 Aprel 2026 18:00 (UTC+04:00)

"Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən yeni Konstitusiya layihəsinin gecikdirilməsi əslində texniki məsələ deyil, bu, siyasi iradənin və strateji seçimlərin göstəricisidir. Daxildə idarəetmə modeli ətrafında fikir ayrılıqları kimi təqdim edilən səbəblər reallıqda daha dərin, geosiyasi və milli ideoloji dilemmanın əlamətidir".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert bildirib ki, məsələ ondadır ki, Ermənistanın mövcud Konstitusiyası hələ də dolayısı ilə Azərbaycana qarşı ərazi iddialarını legitimləşdirən müddəalarla yüklənib. Bu isə nəinki regional sabitliyə, həm də sülh danışıqlarına ciddi maneə yaradır. Rəsmi İrəvan mart ayında bu məqamların aradan qaldırılacağını vəd etsə də, prosesin uzadılması göstərir ki, hakimiyyət daxilində bu məsələ ilə bağlı vahid mövqe yoxdur.

Ekspertin sözlərinə görə, burada diqqət çəkən məqamlardan biri də Hraparak qəzetinin iddialarıdır. Əgər doğrudan da hakimiyyət konstitusiya dəyişikliklərini parlamentdə mütləq çoxluq olmadan keçirmək üçün xüsusi mexanizmlər axtarırsa, bu artıq hüquqi yox, siyasi manevrdir. Bu isə cəmiyyətin etimadına zərbə vurmaqla yanaşı, beynəlxalq ictimaiyyət üçün də ciddi suallar doğurur. Paşinyanın əsas narahatlığı aydındır ki, bir tərəfdə daxili radikal qüvvələrin təzyiqi, digər tərəfdə isə beynəlxalq öhdəliklər və sülh gündəliyi. Bu iki istiqamət arasında balans tapmaq Ermənistan rəhbərliyi üçün getdikcə daha çətinləşir.

"Düşünürəm ki, reallıq dəyişmir. Cənubi Qafqazda dayanıqlı sülhün açarı məhz Ermənistanın hüquqi bazasında, yəni Konstitusiyasındadır. Əgər Ermənistan həqiqətən Azərbaycan ilə uzunmüddətli sülh istəyirsə, ilk növbədə öz qanunvericiliyindən ərazi iddialarını çıxarmalıdır. Bu, sadəcə hüquqi dəyişiklik deyil, həm də siyasi iradənin, səmimi niyyətin və regional əməkdaşlığa hazır olmanın göstəricisidir.
Bu gün Paşinyanın qarşısında duran əsas seçim budur: ya keçmişin iddiaları ilə gələcəyə getmək, ya da reallıqları qəbul edib bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq arxitekturasının bir parçasına çevrilmək", - deyə B.Quliyev əlavə edib.

Ekspert sonda qeyd edib ki, sülh müqavilələri masada imzalanır, amma onların taleyi məhz konstitusiyalarda həll olunur. Ermənistan bu mərhələni keçmədən regionda sabitlikdən danışmaq mümkün deyil.