“Qısaqapanma metroda hərəkətin müvəqqəti dayanmasına səbəb oldu” - Bəxtiyar Məmmədov

21 Aprel 2026 16:31 (UTC+04:00)

“Bugün baş vermiş texniki insidentlə əlaqədar bütün sərnişinlərimizdən və ictimaiyyətdən üzr istəyirik. Eyni zamanda göstərdikləri anlayışa görə hər kəsə təşəkkür edirik”.

SİA xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, saat 10:12 radələrində Ulduz–Nərimanov sahəsində aralıq kabelində baş verən qısaqapanma nəticəsində təmas xəttinə elektrik enerjisinin verilişində kəsinti yaranıb: “Nəticədə həmin istiqamətdə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb”.

Bəxtiyar Məmmədov qeyd edib ki, hadisə zamanı xətlərdə ümumilikdə 30 qatar fəaliyyət göstərib və onlardan yalnız 4-ü tuneldə olub. Tuneldə qalan qatarlardakı sərnişinlər qısa müddətdə və təhlükəsiz şəkildə təxliyə edilib.

O vurğulayıb ki, insident nəticəsində xəsarət alan olmayıb və sərnişin təhlükəsizliyi prioritet olaraq qorunub.

Mətbuat katibi əlavə edib ki, bütün stansiyalarda sərnişin axınının tənzimlənməsi ilə bağlı tədbirlər görülüb, paralel olaraq texniki qruplar tərəfindən nasazlığın səbəbləri araşdırılır.

Bəxtiyar Məmmədov bildirib ki, hadisənin texniki tərəfləri tam araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.