"Hazırda Yaxın Şərqdəki münaqişə ətrafında olduqca mürəkkəb və gərgin bir situasiya yaranıb. Mövcud vəziyyəti nə tam müharibə, nə də sabit sülh mərhələsi kimi qiymətləndirmək mümkündür. Çünki sülh danışıqları hələlik gözlənilən nəticəni verməyib, hərbi gərginliyin yenidən artması ehtimalı isə öz aktuallığını qoruyur".
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib.
.jpg)
Onun sözlərinə görə, İran ABŞ-nin tələblərini qəbul etmək niyyətində olmadığını nümayiş etdirir: "Eyni zamanda, Ağ Evin də İranla bağlı mövqeyini daha sərt və prinsipial şəkildə formalaşdırdığı görünür. Bu fon üzərində tərəflər arasında atəşkəs mərhələsinin sona yaxınlaşdığı və yaxın günlərdə vəziyyətin daha aydın olacağı ehtimal edilir.
ABŞ Prezidenti Donald Tramp mümkün anlaşma ehtimalından danışsa da, bəzi Qərb media orqanları bu ehtimalı zəif qiymətləndirir. Bu da danışıqların ABŞ-nin gözlədiyi istiqamətdə getmədiyini göstərir.
Digər mühüm məqam Hörmüz boğazı ilə bağlıdır. Bu strateji su yolunun qapalı qalması ehtimalı hələ də qalmaqdadır. Belə bir ssenari reallaşarsa, bu, qlobal enerji bazarına ciddi təsir göstərə bilər. ABŞ-nin bu vəziyyətdən həm İranın, həm də Çinin enerji təchizatına təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı barədə müxtəlif analizlər mövcuddur.
Çin üçün enerji təhlükəsizliyi məsələsi xüsusilə həssasdır, çünki ölkə əsas enerji idxalını müxtəlif regionlardan təmin edir. Enerji marşrutlarında yaranan hər hansı məhdudiyyət Çin iqtisadiyyatına ciddi təsir göstərə bilər. Eyni zamanda Venesuela kimi digər enerji mənbələri də geosiyasi səbəblərdən sabit və əlçatan alternativ kimi tam təminat vermir.
Digər tərəfdən, ABŞ-nin enerji ixracını genişləndirməsi və bəzi ölkələrin alternativ tədarük kimi ABŞ bazarına yönəlməsi qlobal enerji balansında dəyişikliklər yaradır.
Ümumilikdə, Yaxın Şərqdə baş verən proseslər təkcə regional deyil, həm də ABŞ və Çin arasındakı qlobal rəqabətin tərkib hissəsi kimi dəyərləndirilir. Bu qarşıdurmanın nəticələri regiondakı münaqişənin gələcək dinamikasına da ciddi təsir göstərə bilər.
Hazırkı gedişat göstərir ki, yaxın dövrdə ABŞ və İran arasında hər hansı rəsmi razılaşma əldə olunmazsa, bölgədə gərginlik yenidən arta və ya münaqişə dondurulmuş vəziyyətdə davam edə bilər. Bu isə həm region, həm də qlobal sistem üçün qeyri-müəyyən və riskli bir mərhələ deməkdir".