“Bakı və Ankara münasibətləri uzunmüddətli geosiyasi maraqlara əsaslanır” - DEPUTAT DANIŞDI

21 Aprel 2026 15:08 (UTC+04:00)

“5-ci Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş, strateji müttəfiqliyin növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Bakı və Ankara bir daha nümayiş etdirdi ki, bu münasibətlər uzunmüddətli geosiyasi maraqlara əsaslanır”.
Bu sözləri SİA-ya açıqlamasında Millət Vəkili Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri məsələsində tərəflərin mövqelərinin uzlaşdırılması region üçün əhəmiyyət daşıyır:

”Azərbaycan qazının Avropaya nəqlində Türkiyə əsas tranzit ölkə rolunu oynayır və bu əməkdaşlıq Avropanın enerji xəritəsini dəyişən faktordur. Eyni zamanda, Orta Dəhliz layihəsi çərçivəsində koordinasiyanın gücləndirilməsi alternativ marşrutların əhəmiyyətini artırır.
Regional təhlükəsizlik kontekstində isə Antalya görüşü xüsusi diqqət çəkir. Cənubi Qafqazda post-münaqişə dövrünün formalaşdığı bir zamanda Bakı–Ankara birliyi həlledici rol oynayır. Regionda sabitliyin təmin olunması, kommunikasiyaların açılması və mümkün risklərin qarşısının alınması istiqamətində iki ölkənin koordinasiyalı siyasəti təhlükəsizlik balansını təmin edir.
Bununla yanaşı, görüş həm də daha geniş geosiyasi mesajlar ehtiva edir. Qlobal güclər arasında rəqabətin artdığı bir dövrdə Azərbaycan–Türkiyə əməkdaşlığı regional aktorların öz təşəbbüsləri ilə təhlükəsizlik və inkişaf gündəliyi formalaşdırmaq qabiliyyətini göstərir. Bu, region ölkələrinin xarici təsirlərdən daha az asılı olmaq istəklərinin göstəricisi kimi də qiymətləndirilə bilər.
Hesab edirəm ki, yüksək səviyyəli Bakı-Anakara görüşü regionun gələcək siyasi və təhlükəsizlik trayektoriyasına təsir göstərə biləcək mühüm hadisədir. Bu əməkdaşlıq bütövlükdə regional sabitliyinin əsas dayaqlarından biridir”.