Məktəblərdə təhlükəsizlik məsələsi son dövrlər cəmiyyətin ən həssas mövzularından birinə çevrilib. Dünyada və regionda baş verən bəzi xoşagəlməz hadisələr göstərir ki, bu sahədə ən kiçik boşluq belə ciddi nəticələrə səbəb ola bilər. Azərbaycanda müəyyən addımlar atılsa da, mütəxəssislər mövcud sistemin daha çox hadisədən sonrakı nəzarətə xidmət etdiyini bildirir. Bəs məktəblərimizi real təhlükələrdən qorumaq üçün hansı dəyişikliklər vacibdir?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində yalnız böyük məktəblər, xüsusilə də iri şəhərlərdə yerləşənlər demək olar ki, kameralarla təchiz olunub:
“Amma bu, hələ problemlərdən sığortalanmaq demək deyil. Yəni, bu məktəblərdə hər hansı bir hadisə baş verdikdən sonra müzakirələrə başlanılır ki, bu da ümumilikdə hadisələrin qarşısının alınmasını çətinləşdirir.
Biz daha çox şəhər məktəblərində müşahidə edirik ki, xüsusi tender vasitəsilə qalib olmuş mühafizə sistemləri mövcuddur və bu sistemlər Bakı şəhərindəki bir neçə böyük məktəbi əhatə edə bilir. Amma Daxili İşlər Nazirliyi ilə hər hansı bir əməkdaşlığın qurulması və ya ən azı bir polis əməkdaşının məktəblərdə mühafizə məqsədilə fəaliyyət göstərməsi məsələsi təəssüf ki, hələ tam həll olunmayıb. Bu sahədə əsasən xüsusi mühafizə şirkətləri ilə əməkdaşlıq edilir və məktəblərin təhlükəsizliyi onların üzərinə düşür.
Rayon və ucqar ərazilərdə isə məktəblərin mühafizəsi çox vaxt yaşlı nəslin nümayəndələri – yaşlı qadınlar və ya kişilər tərəfindən həyata keçirilir. Bu isə hər hansı xoşagəlməz hadisənin qarşısını almaq baxımından ciddi risklər yaradır. Daha məqsədəuyğun olardı ki, bu məsələ ən azı Elm və Təhsil Nazirliyi tərəfindən, həmçinin Daxili İşlər Nazirliyi və ya mühafizə fəaliyyəti ilə məşğul olan digər qurumların iştirakı ilə daha sistemli şəkildə təşkil edilsin”.