"Yeməkdən dərhal sonra meyvə yemək ümumilikdə tövsiyə olunmur. Bunun əsas səbəbi həzm prosesinin gedişatıdır. Çünki yemək zamanı qəbul olunan qidalar, ət, yağ və digər ağır məhsullar daha uzun müddətdə həzm olunur".
Bu sözləri SİA-ya açıqlamasında qida eksperti İlkin Şirinov bildirib.
.jpg)
Onun sözlərinə görə, meyvələr isə daha tez həzm olunan qidalardır: "Bu səbəbdən yeməkdən dərhal sonra meyvə qəbul edildikdə, o, hələ həzm olunmamış qidaların üzərinə əlavə yük yaradır.
Bu vəziyyət mədə və bağırsaqlarda diskomfort, köp və ağırlıq hissinə səbəb ola bilər. Buna görə də ən düzgün yanaşma meyvəni yeməkdən əvvəl qəbul etməkdir. Yeməkdən əvvəl meyvə yeyildikdə, o daha tez həzm olunur və eyni zamanda mədədə toxluq hissi yaradaraq insanın daha az qida qəbul etməsinə kömək edir.
Yeməkdən sonra meyvə yemək planlaşdırılırsa, ən azı 1,5–2 saat fasilə verilməsi tövsiyə olunur.
Bəzi meyvələr, məsələn limon, kivi və ananas həzm prosesini dəstəkləyən xüsusiyyətlərə malik olduğu üçün müəyyən hallarda yeməklə aralıq şəkildə qəbul edilə bilər. Lakin ümumi qayda olaraq meyvələrin ya yeməkdən əvvəl, ya da kifayət qədər fasilədən sonra yeyilməsi daha faydalı hesab olunur".