“Psixologiyada belə bir müşahidə mövcuddur ki, insanlar fiziki olaraq gördükləri və hiss etdikləri şeyləri daha real qəbul edirlər. Məsələn, nağd pul ilə ödəniş zamanı insan pulun əlindən çıxdığını birbaşa görür və bu, itki hissini daha güclü edir. Lakin kartla və ya elektron ödənişlərdə bu proses daha “görünməz” olduğu üçün beynin itki hissi nisbətən zəifləyir. Nəticədə insan xərclədiyi vəsaiti dərhal real itki kimi dərk etmir. Bu, davranış iqtisadiyyatı və psixologiyada geniş izah olunan bir fenomendir”.
Bu sözləri SİA-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, eyni prinsip daha geniş sosial və dini düşüncə sistemlərinə də aid edilə bilər:
”İnsan beyni abstrakt, yəni gözlə görünməyən anlayışları qəbul etməkdə çətinlik çəkir. Buna görə də tarixi boyu insanlar görünməyən anlayışları daha dərk edilən formaya salmağa çalışıblar.
Dini baxımdan da bu məsələ müxtəlif formalarda özünü göstərir. Məsələn, təkallahlı dinlərdə – İslam, Xristianlıq və Yəhudilik – Allah anlayışı əsasən görünməz və mücərrəd şəkildə təqdim olunur. Lakin insan təfəkkürü çox vaxt bu abstrakt anlayışı daha konkret formaya salmağa meyillidir. Bu səbəbdən bəzi mədəni və dini ənənələrdə müqəddəs simvollar, təsvirlər və ya müqəddəs şəxslərlə bağlı obrazlar formalaşır.
Xristianlıqda dini fiqurların təsvirləri geniş yayılmışdır. İslam və Yəhudilikdə isə Tanrının təsviri qadağan edilir, lakin burada da bəzən müqəddəs məkanlar, şəxslər və simvollar vasitəsilə mənəvi yaxınlıq yaradılır. Bu, insan psixologiyasının abstraktı konkretləşdirmə ehtiyacının nəticəsi kimi izah olunur.
Ümumilikdə, həm iqtisadi davranışlarda, həm də dini və sosial düşüncə sistemlərində insanın “görünəni daha asan qəbul etməsi” prinsipi özünü göstərir. Görünməyən və birbaşa hiss olunmayan anlayışların qəbul edilməsi isə daha çox düşüncə, inam və təfəkkür tələb edir”.
Ayşən Vəli