“Prezidentin forumda iştirakı Azərbaycanın aktiv xarici siyasətini göstərir” - POLİTOLOQ DANIŞDI

21 Aprel 2026 13:01 (UTC+04:00)

“Antalya Diplomatiya Forumu son illərdə beynəlxalq münasibətlər sistemində dialoq və qeyri-rəsmi diplomatiya üçün mühüm platformalardan birinə çevrilib”.
Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

Onun sözlərinə görə, onun əsas əhəmiyyəti müxtəlif regionlardan dövlət başçılarını, xarici işlər nazirlərini, ekspertləri və beynəlxalq təşkilat nümayəndələrini bir araya gətirərək qlobal problemlərin açıq və çoxtərəfli müzakirəsinə şərait yaratmasındadır:

”Forum ənənəvi beynəlxalq təşkilatların sərt protokollarından daha çevik format təqdim edir və bu da fikir mübadiləsinin daha səmərəli aparılmasına imkan verir. Xüsusilə münaqişələr, regional təhlükəsizlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və humanitar məsələlər kimi mövzular burada geniş şəkildə müzakirə olunur.
Azərbaycan Prezidenti İlham Əliyevin forumda iştirakı ölkənin xarici siyasət xəttinin aktiv və çoxşaxəli xarakterini bir daha nümayiş etdirir. Bu iştirak həm də Azərbaycanın regional və beynəlxalq proseslərdə mühüm aktor kimi qəbul olunduğunu göstərir. Prezidentin forum çərçivəsində iştirakı yalnız rəsmi çıxışlarla məhdudlaşmır, eyni zamanda bir sıra ikitərəfli görüşlər üçün də imkan yaradır ki, bu da diplomatik əlaqələrin praktik nəticələrə yönəlməsi baxımından əhəmiyyətlidir.
Antaliya Diplomatiya Forumunda Azərbaycanın verdiyi mesaj əsas mahiyyəti ilə ölkəmizin müstəqil və balanslaşdırılmış xarici siyasət yürütməsi, regional sabitlik və əməkdaşlığın gücləndirilməsinə töhfə verməsi ilə bağlıdır. Eyni zamanda, ölkənin beynəlxalq hüquqa əsaslanan yanaşması və suverenlik prinsiplərinə sadiqliyi vurğulanır. Azərbaycan-Türkiyə, Azərbaycan_Türkiyə-Pakistan, eləcə də Türk Dövlətləri təşkilatı ölkələri arasında strateji müttəfiqliyinin yüksək səviyyəsi də bu platformada dolayısı ilə nümayiş etdirilir ki, bu da regional güc balansında mühüm faktor hesab olunur.

Antaliya Diplomatiya Forumunda iştirak Azərbaycanın beynəlxalq nüfuzunun artması, diplomatik əlaqələrinin genişlənməsi və qlobal müzakirələrdə daha fəal mövqe tutması baxımından strateji əhəmiyyət daşıyır”.