Vüqar Gülməmmədov Milli Məclisdə Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyətinə dair geniş hesabatla çıxış edib.
SİA hesabatı təqdim edir:
Hörmətli xanım Sədr, hörmətli millət vəkilləri, hörmətli iclas iştirakçıları və media nümayəndələri!
Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyətinin yekunlarına dair Hesabatı diqqətinizə təqdim edirəm. Fəaliyyət hesabatının təqdim edilməsi ilə bağlı tələblər beynəlxalq aləmdə dövlət auditi üzrə Böyük Xartiya hesab olunan Lima Bəyannaməsində, eyni zamanda “Hesablama Palatası haqqında” Qanun və Milli Məclisin Daxili Nizamnaməsində təsbit edilmişdir.
Qanunçuluq, obyektivlik, şəffaflıq, peşəkarlıq və qanunvericilikdə təsbit edilmiş digər prinsiplərə əsaslanaraq hesabat ilində həyata keçirdiyimiz bütün fəaliyyətlərin Hesabatda əhatəli əks olunmasına çalışmışıq. Əvvəlki illərdə olduğu kimi, bu Hesabatda yeniliklər etmiş, fəaliyyətin kəmiyyət və keyfiyyət göstəriciləri ilə təsvirinə üstünlük vermişik.
Qanunla müəyyən edilmiş 23 vəzifəmiz barədə məlumat Hesabatda dolğun şəkildə şərh olunmuş, müvafiq vəzifələrin INTOSAI-ın prinsip, standart və təlimatlarına uyğunluğu əks etdirilmişdir.
Hörmətli millət vəkilləri!
Hesablama Palatasının fəaliyyətinin bütün istiqamətləri üzrə hesabatlılığın təmin olunması məqsədilə çıxışımı 4 istiqamətdə görülmüş işlər və bu istiqamətlərdə yaratdığımız əlavə dəyərlər üzərindən davam etdirmək istərdim.
l. İlk olaraq, Strateji Plan barədə.
Hesabatlılıq ənənəmizə sadiq qalaraq, bu Hesabatda da fəaliyyət barədə məlumatları Strateji Plan üzərindən icmallaşdırmışıq. Son ili 2025-ci ilə təsadüf edən Strateji Planın 5 illik icrasına dair əsas göstəriciləri də Hesabata daxil etmişik. Məqsəd - son 5 ildə ali audit orqanı olaraq ölkənin iqtisadi inkişafı və vətəndaşların rifah səviyyəsi üçün əhəmiyyətli hesab etdiyimiz sahələrdə keçirdiyimiz dövlət auditinin və digər fəaliyyətlərimizin hesabatlılığını təmin etməkdir.
2021-2025-ci illər üzrə Strateji Planın icrası beynəlxalq təcrübəyə uyğun olaraq illik Əməliyyat Planları vasitəsilə həyata keçirilmiş, bu illər ərzində 5 Əməliyyat Planı tərtib edilmişdir. Strateji Planın qüvvədə olduğu əksər illər üzrə Əməliyyat Planlarının icrası təxminən 90%-dən, Monitorinq Çərçivəsinin göstəricilərinin ümumi icrası 80%-dən çox olmuşdur. Müvafiq istiqamətə ayrılmış büdcənin icra səviyyəsi isə 80%-dən bir qədər çox olmuşdur ki, bu da Strateji Planın effektiv icrasını əks etdirən göstəricidir. Strateji Planda müəyyən edilmiş 2 yekun və 9 aralıq nəticə üzrə əhəmiyyətli irəliləyiş əldə etmiş, hədəflərin əksəriyyətinə nail olmuşuq. Yekun nəticələr üzrə xüsusilə
Dövlət maliyyəsinin hesabatlılığının və fiskal məsuliyyətin gücləndirilməsi istiqamətində büdcə sənədləşməsində həcm və keyfiyyət dəyişikliklərini, maliyyə və icmal büdcə hesabatlılığı üzrə ümumilikdə 4,0 mlrd. manatdan çox təhrifin aradan qaldırılmasını, hüquqi aktlarda 30-dan çox dəyişikliyi,
İşimizə etimad üzrə isə beynəlxalq reytinqlərdə, xüsusilə Açıq Büdcə İndeksi üzrə maksimum balı, həmkar qurumun fəaliyyətinin tərəfimizdən qiymətləndirilməsini, beynəlxalq təşkilatın maliyyə hesabatlarının auditinin bizə həvalə olunmasını, ASOSAI-ın İdarə Heyətinə üzvlüyü xüsusi qeyd etmək istərdim.
Hörmətli millət vəkilləri!
5 illik müddətdə əldə etdiyimiz nailiyyətlər və hədəflərlə yanaşı, tam nail ola bilmədiyimiz məqamlar və onların səbəbləri barədə də məlumat vermək istərdim. Əvvəlcədən diqqətinizə çatdırım ki, qeyd edəcəyim məsələlər Hesablama Palatasının yeni - “2026-2030-cu illər üzrə Strateji Plan”ında nəzərə alınmışdır.
- Ayrıca informasiya sistemlərinin auditinin aparılmaması. Bu sahədə kadr potensialının məhdud olması informasiya sistemlərinin auditinin elementlərinin tətbiq olunduğu audit sayı ilə bağlı hədəfə 87% nail olmağımızla nəticələnmişdir. Qeyd edim ki, hazırda bu istiqamətdə müvafiq dövlət orqanları ilə müzakirələr aparırıq və yeni Strateji Planımıza uyğun olaraq bəzi informasiya sistemlərinin ilk dəfə olaraq birgə və ayrıca auditini nəzərdə tuturuq.
- Digər qurumların informasiya sistemlərinə inteqrasiyanın təmin edilməməsi. Bu istiqamətdə Hesablama Palatası tərəfindən müxtəlif təşəbbüslər irəli sürülmüş, lakin 2025-ci ilin sonuna kimi nəticə əldə olunmamışdır. Bildirmək istəyirəm ki, rəqəmsallaşmanın qlobal və ölkə miqyasında əhəmiyyətini nəzərə alaraq, cari ildə bu istiqamətdə əməli tədbirlər həyata keçirmiş, artıq 5-dən çox dövlət qurumunun informasiya sisteminin məlumatlarının Hesablama Palatasının informasiya sisteminə ötürülməsi ilə bağlı razılıq əldə edilmişdir.
- Ortamüddətli Xərclər Çərçivəsinin islahatının davam etməsi fonunda bu istiqamətdə ayrıca auditlərin aparılmaması. Bu istiqamətdə islahatların yekunlaşmaması, eləcə də potensial audit obyektləri tərəfindən müvafiq islahatların tam mənimsənilməməsi bu hədəfə çatmağa mane olan amillərdəndir.
-Səmərəlilik auditlərinin cəmi audit portfelində payının hədəf göstəriciyə çatdırılmaması. Bu hədəf üzrə göstəriciyə 93% nail olsaq da, bu istiqamətdə təkmilləşdirilməli məqamların olduğu qənaətindəyik. Əksər məqamların kənar faktorların təsirinə məruz qaldığını bildirmək istərdim. Məsələn, auditin resurs tutumlu olması, auditlər üçün müvafiq əhatə dairəsinin formalaşmaması. yəni bu auditin tətbiq olunduğu performans büdcənin ölkəmizdə tam mənada reallaşdırılmaması bu məsələyə təsir göstərir.
Hörmətli millət vəkilləri!
ll. Hesabat ilində görülmüş işlər və onların nəticəliliyi barədə məlumatları 2-ci istiqamət olaraq kənar dövlət maliyyə nəzarəti aspektindən sizə təqdim etmək istərdim.
2025-ci ildə tərəfimizdən audit və analitik fəaliyyət formasında 48 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul olunmuş, bunlardan 1-nin nəticələrinin rəsmiləşdirilməsi növbəti ilə keçirilmişdir.
Audit portfelinin kəmiyyət göstəricilərində əsasən stabilliyin saxlanmasına hədəflənsək də, portfelin keyfiyyət göstəricilərinin yüksəldilməsinə yönəlik tədbirlər həyata keçirmişik. Bu, həm auditlərin əhatə etdiyi mövzuların müxtəlifliyində və aktuallığında, həm də ilk dəfə audit və ya analitik fəaliyyətlə əhatə olunan qurumların sayında özünü göstərmişdir. Qeyd edim ki, portfelin 47,9%-də audit və ya analitik fəaliyyət ilk dəfə və ya fərqli mövzu üzərindən olmaqla keçirilmişdir.
Beynəlxalq standartların tələblərindən irəli gələrək hesabat ilində tətbiqinə başladığımız yeni Keyfiyyətin idarə edilməsi sistemi də auditin planlaşdırılması, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi mərhələlərinin peşəkar baxışdan keçirilməsini təmin etməklə audit keyfiyyətinin yüksəldilməsinə töhfə vermişdir.
Auditlərin əhatə dairəsinin əsas hissəsini icmal büdcənin müxtəlif elementləri təşkil etmişdir. Müxtəlif illər üzrə dövlət büdcəsinin 6,7 mlrd. manatı, 2023-cü il üzrə Dövlət Neft Fondunun, 2023-2024-cü illər üzrə İcbari Tibbi Sığorta Fondunun büdcələri tam şəkildə, 2023-2025-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin 101,3 mln. manatı, eləcə də qeyri-büdcə vəsaitlərindən 130,1 mln. manat dövlət auditi ilə əhatə edilmişdir.
2025-ci ilin İş Planının tərtibi zamanı müvafiq icra hakimiyyəti orqanının təklifləri, Milli Məclisin deputatları tərəfindən səsləndirilən fikirlər, COP29, mediada işıqlandırılan məlumatlar, rəsmi internet səhifəmizdəki “Audit təklif et” bölməsi vasitəsilə daxil olmuş vətəndaş müraciətləri və digər məsələlər diqqətdə saxlanılmışdır. Auditlərdə işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərinə, müxtəlif (təhsil, gənclər və idman, səhiyyə, kənd təsərrüfatı, ekologiya və s.) sahələr üzrə aktual mövzulara, o cümlədən ölkəmizdə keçirilən beynəlxalq tədbirlərə fokuslanmışıq. Hesabat dövründə 3 auditi məxfilik rejimində keçirmişik.
2025-ci ilin İş Planına əsasən 5 analitik fəaliyyət və səmərəlilik, maliyyə, uyğunluq auditi şəklində olmaqla 43 audit keçirilmişdir. 6 auditdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən istifadə olunmuşdur.
Bu nəzarət tədbirləri ilə aşkarladığımız nöqsanların təsnifatı Hesabatda ətraflı təsvir edilmiş, təsnifləşdirmə uyğunluq, maliyyə və səmərəlilik aspektindən həyata keçirilmişdir.
Nöqsan təsnifatı üzrə təhlillərin nəticələri göstərir ki, say ifadəsində büdcə qanunvericiliyi, dövlət satınalmaları və dövlət investisiyaları sahəsində pozuntu nisbəti ciddi dəyişməmişdir.
Hər il nöqsanlar arasında ən yüksək paya malik olan büdcə qanunvericiliyi üzrə nöqsanlara gəldikdə bildirmək istərdim ki, 36 nəzarət tədbirində büdcə vəsaitlərinin idarəedilməsi üzrə nöqsanlar aşkarlamışıq. Burada qurumlar tərəfindən proqnozlaşdırılma və icra prosesinə lazımi diqqət yetirilməməsi, yetərli maliyyə inzibatçılığının və fiskal intizamın təmin edilməməsi şəraitində aşkarlanmış nöqsanlar mühüm yer tutur. Bu nöqsanlar nəticəsində müvafiq qurumların büdcəsi üzrə aşağı icra səviyyəsi, nəticə əsaslı dövlət sifarişi münasibətlərinin formalaşdırılmaması, vəsaitlərin istifadəsiz saxlanılmaqla digər hesablara yönəldilməsi, dövlət sifarişi şərtlərindən kənar dövlət vəsaitlərinin xərclənməsi kimi halları müşahidə etmişik.
Hesablama Palatasının da tövsiyələri nəzərə alınmaqla müvafiq icra orqanları tərəfindən fiskal qanunvericiliyin davamlı təkmilləşdirilməsi və rəqəmsal həllərin tətbiqi ilə cari nəzarətin gücləndirilməsi bu halların (xüsusilə vəsaitlərin xəzinədənkənar hesablarda qalması üzrə) 2025-ci ildən başlayaraq nisbətən azaldığını müşahidə etməyə imkan verir. Bu məsələlər növbəti ilin Hesabatında daha geniş şəkildə şərh ediləcəkdir.
2025-ci ilin İş Planı üzrə 32 auditdə dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması hallarına rast gəlinmişdir. Hesablama Palatası olaraq auditlərdə dövlət satınalmalarının qanuniliyi, eləcə də səmərəliliyi və nəticəliliyi kimi 2 əsas suala cavab axtarmağa çalışmışıq və bu fəaliyyəti növbəti illərdə genişləndirməyə çalışacağıq.
Təqdim edilmiş məlumata əsasən 2025-ci ildə 10,8 mlrd. manat məbləğində 19 min satınalma həyata keçirilmişdir. Apardığımız təhlillər göstərir ki, ötən illə müqayisədə, satınalma məbləğinin ÜDM-ə nisbəti 0,6 faiz bəndi artaraq 8,4%-ə çatmışdır. Beynəlxalq praktikada bu nisbət 12,0%-dən çoxdur. Qeyd edim ki, milli qanunvericiliyə əsasən bu rəqəmlərdə dövlətə məxsus hüquqi (kommersiya) şəxslərin satınalmaları əks olunmur. Hesab edirik ki, qanunvericilikdə dövlət müəssisələri tərəfindən keçirilən satınalmaların da vahid hesabatlılıqda nəzərə alınması dövlət satınalmalarının əsas makrogöstəriciyə nisbətini artırmaqla qabaqcıl təcrübəyə yaxınlaşdırar və korrupsiya ilə mübarizə üzrə reytinqlərdə irəliyə addım atmağa imkan verər.
Ümumilikdə, 2025-ci ilin auditləri müxtəlif illər ilə 3560 satınalmanı və 3,8 mlrd. manatı əhatə etmişik. Bu satınalmaların həm say, həm də məbləğ ifadəsində yarıdan çoxu müsabiqəsiz (bir mənbədən) satınalma metodu ilə keçirilmişdir.
Bir mənbədən satınalma metodu ilə keçirilən satınalmaların tərkibində say baxımından satınalma predmetinin yalnız hər hansı konkret təchizatçıda olması, məbləğ baxımından isə təcili tələbat əsası üstünlük təşkil edir. Nəzarət tədbirləri göstərir ki,
Bir mənbədən satınalma metodu vaxta qənaətə imkan verməsi fonunda, əksər hallarda vəsaitə qənaətlə nəticələnmir.
Bir mənbədən satınalma metodu zamanı ehtimal olunan qiymətin hesablanmaması müqavilə məbləğinin bazar qiymətlərinə uyğun formalaşmamasına, sonda isə vəsaitin artıq icra edilməsinə gətirib çıxarır;
Dövlət satınalmaları sistemi yalnız texniki və ya inzibati prosedur deyil. Bu, iqtisadiyyatın böyük bir seqmentidir. Bu sahədə rəqabətsizlik və səmərəsizlik bütövlükdə iqtisadiyyata təsir edir.
2024-cü il yanvarın 1-dən “Dövlət satınalmaları haqqında” yeni Qanun qüvvəyə minmişdir. Yeni qanunun qüvvəyə minməsi bu sahədə dövlət siyasətini həyata keçirən qurumun cari nəzarətinin formalaşmasına səbəb olmuşdur. Son illərdə dövlət satınalmaları sahəsində şəffaflığın artırılması və inzibatçılığın gücləndirilməsi sahəsində bir sıra islahatlar həyata keçirilmişdir. Əvvəlki illərə nisbətən satınalma mədəniyyəti formalaşmağa başlamışdır.
Elektron satınalmaların həcmində də əhəmiyyətli dəyişikliklər var. “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sında Dövlət satınalmalarının vahid internet portalının (portal) əhatə dairəsinin genişləndirilməsi ilə bağlı tədbir nəzərdə tutulmuş və portal vasitəsilə keçirilən satınalmaların ümumi dövlət satınalmalarında xüsusi çəkisinin 50%-ə çatması hədəflənmişdir. Apardığımız təhlillər rəqabətli satınalmaların (yəni elektron keçirilən) sayının ümumi satınalmalarda 50%-dən çox olduğunu göstərməklə bu hədəfə dövr üzrə nail olunduğunu demək imkanı verir.
Lakin audit nəticələri göstərir ki, yalnız proseslərin elektronlaşması problemi tam həll etmir. Dövlət satınalmalarında iş və xidmətlərin ehtimal olunan qiymətinin hesablanması, qalibin seçilməsi və bağlanmış müqavilələrin idarəedilməsi kimi mərhələlərdə hələ də problemlər qalmaqdadır. Nəzarət tədbirlərinin nəticələri göstərir ki,
“başlanğıc qiymətlər“ həmişə real bazar dəyərini əks etdirmir,
qaliblər əsasən ucuz qiymət meyarı ilə seçilir, ucuz qiymət isə həmişə peşəkar alışlar deyil.
Müqavilələrin inzibatçılığının yetərli səviyyədə təşkil edilməməsi isə satınalmanın nəticəli yekunlaşmamasına səbəb olur.
Ümumilikdə, illik Hesabatda dövlət satınalmaları üzrə yeni qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı 7-si konseptual və 3-ü isə inzibatçılıq aspektindən olmaqla hazırladığımız təkliflərin bu sahənin inkişafına töhfə verəcəyi qənaətindəyik.
Yüksək xüsusi çəki ilə fərqlənən digər nöqsan qrupu əsaslı xərclərdir. Bu sahə ilə bağlı nöqsanlara 15 nəzarət tədbirində rast gəlmişik. İnvestisiya xərclərinin əsaslı xərclərdə payı yüksəkdir. 12 sifarişçi üzrə 42 layihə və 132 müqavilənin auditini həyata keçirmişik. Bu sahə ilə bağlı nöqsanları qanunilik və hesabatlılıq kimi 2 əsas nöqsan qrupunda cəmləşdirmişik. Burada üç əsas məqama diqqəti yönəltmək istərdim:
Tikinti sahəsində görüləcək işlərin dəyərinin hesablanması metodologiyasında boşluqlar mövcuddur. Bu boşluqlar tikintinin müqavilə dəyərinin düzgün hesablanmamasına səbəb olur. Əsaslı xərclər üzrə nöqsanların tərkibində bu altqrupun payı (qanunilik baxımından) nöqsanların 3-də birini təşkil edir.
Layihələrin icra dövründə işlərin ad və həcmlərində edilən dəyişikliklərin ümumi məbləğə nisbəti müxtəlif səbəblərdən artır və bu halların sayının çoxalmasını təqdir etmirik.
Tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulu ləngiyir və aktivlərin balans dəyəri doğru hesablanmır. Əsaslı xərclər üzrə nöqsanların tərkibində bu altqrupların payı (hesabatlılıq baxımından) 36%-dən çoxdur.
Hesab edirik ki, bu istiqamətdə hüquqi aktlarda dəyişikliklər və icra mexanizmlərinin gücləndirilməsi zərurəti vardır.
Eyni zamanda, hesab edirik ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya”sına uyğun olaraq dövlət investisiya layihələrinin idarə edilməsində səmərəliliyin yüksəldilməsi məqsədilə yeni Qaydanın qəbul edilməsi, dövlət investisiya layihələrinin icrasına monitorinq sisteminin yaradılması və cari ildən tətbiqi dövlət investisiyalarının səmərəliliyinin artmasına səbəb olacaqdır.
Hörmətli millət vəkilləri!
Pozuntuların say ifadəsi ilə bağlı məlumatlardan sonra pozuntuların məbləğ ifadəsində əsas göstəriciləri ilə çıxışımı davam etdirmək istəyirəm.
2025-ci ilin İş Planı çərçivəsində KDMN tədbirləri ilə ümumilikdə 1554 mln. manat məbləğində nöqsan aşkarlanmışdır.
Bu məbləğin 37,6%-i və ya 584,8 mln. manatı uyğunsuzluq məbləğidir.
Uyğunsuzluq məbləğinin 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil etmişdir. Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların prokurorluq orqanlarına göndərilməsi barədə qərar qəbul edilmişdir. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilmişdir.
Ümumi nöqsanın 40,3%-i və ya 626,3 mln. manatı maliyyə təhriflərindən ibarətdir.
Aşkarladığımız maliyyə təhriflərini iki istiqamətdə qruplaşdırmışıq. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlılığında məlumatların əks etdirilməməsi kimi təhriflər aid olunmuşdur ki, bu təhriflər üzrə məbləğ 481,3 mln. manat təşkil etmişdir. Cəmi təhriflərin 145,0 mln. manatı isə digər təhriflərdən ibarət olmuşdur. Təhrif məbləğində gəlir və ya xərcin vaxtında və doğru tanınmaması yüksək pay ilə fərqlənmişdir.
Nəhayət, ümumi nöqsanın 22,1%-i və ya 342,9 mln. manatı isə səmərəsiz xərclərdən ibarət olmuşdur.
Səmərəsiz xərclər əsasən mal, avadanlıq və obyektin istifadəsiz qalması və ya digər tərəfin istifadəsinə verilməsi, qənaət imkanlarından istifadə edilməməsi, hüquqi aktlarla qurumun fəaliyyət istiqamətlərinə aid edildiyi və özü tərəfindən həyata keçirilməli olduğu halda müvafiq fəaliyyətin icra edilməsi üçün satınalmanın keçirilməsi və s. ilə bağlı olmuşdur.
Keçirilmiş audit və analitik fəaliyyətlər strateji planlaşdırma institutunun formalaşması fonunda nəticəyönümlü idarəetmə prinsiplərinin tətbiqi, plan-büdcə inteqrasiyası və təsir səviyyəsində qiymətləndirmə mexanizmlərinin funksionallığının tam təmin edilmədiyini göstərmişdir.
Hesabat dövründə keçirilmiş auditlərdə bir neçə dövlət proqramının icrası vəziyyəti ilə bağlı məqamlara da baxılmışdır. Müəyyən edilmişdir ki,
bir sıra dövlət qurumları öz əsasnamələri ilə müəyyən edilən vəzifələri dövlət proqramının tədbirlər planına daxil etmiş;
tədbirlər müəyyən edilən zaman çərçivəsində və ya ümumiyyətlə icra edilməmiş, bəzi hallarda isə aşağı keyfiyyətlə icra edilmiş, proqramın icrasında gecikmələrə yol verilmişdir.
Başa çatdırılmış maliyyə və uyğunluq auditləri üzrə aşkarlanmış nöqsanlar və onların yayılma dərəcəsindən asılı olaraq, verilmiş rəylər üç növdə olmuşdur. Rəylərin 76%-ni müsbət və şərti müsbət rəylər təşkil etmişdir.
Hesablama Palatası auditlər zamanı təkcə nöqsanları aşkarlamaqla kifayətlənmir, həm də bu nöqsanların aradan qaldırılması üçün birbaşa audit obyektinə tövsiyələr və ya səlahiyyəti çərçivəsində tədbirlərin görülməsi məqsədilə aidiyyəti orqanlara məlumat təqdim edir.
Kənar dövlət maliyyə nəzarəti fəaliyyətimizin təsiri və ya bu fəaliyyət istiqaməti ilə yaratdığımız əlavə dəyər, o cümlədən tövsiyələrimizin maliyyə effekti barədə məlumatları sizinlə bölüşmək istərdim.
2025-ci ilin İş Planı çərçivəsində nəzarət tədbirlərinin yekunlaşması ilə bağlı 47 kollegiya qərarı qəbul edilmiş, bu qərarlarla 303 tədbir müəyyən olunmuşdur. Bu tədbirlərdən 35-nin qanunvericiliklə icra üçün müəyyən edilmiş müddəti bitməmiş, qalan tədbirlərdən 202-si tam, 29-u qismən icra edilmiş, 37-si isə hesabat tərtib olunduğu vaxtadək icra edilməmişdir ki, bu da 71,5% icra deməkdir.
Təhlillərimiz 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 75,0%-də Hesablama Palatasının əvvəlki təklif və tövsiyələrinin nəzərə alınması ilə müvafiq obyektlərin maliyyə fəaliyyətlərində intizamın nisbətən gücləndiyini, nöqsanların növlərinin və saylarının, eləcə də onların maliyyə yükünün davamlı şəkildə azaldığını, dövlət vəsaitlərinə qənaət edilməsi hallarının artdığını göstərir.
2025-ci ilin İş Planı üzrə dövlət vəsaitinin bərpası müəyyən edilmiş 101,5 mln. manata qarşı 93,9 mln. manat icra edilmişdir. Qeyd edim ki, Hesabat tərtib edilən tarixədək bərpası təmin edilməmiş 7,6 mln. manatın 76,1%-nin qurumlar tərəfindən bərpası davam etdirilir.
Hesabat ili üzrə bərpa edilmiş 93,9 mln. manatla yanaşı, əvvəlki illərin iş planları üzrə qalıq məbləğlərdən 15,4 mln. manatın hesabat dövründə pul və əvəzləşdirmə formasında, habelə cari ilin iş planı üzrə hüquq mühafizə orqanları tərəfindən 0,8 mln. manatın bərpası təmin edilmişdir. Əvvəlki ildə aşkarlanmış 807,3 mln. manat əhəmiyyətli təhriflərin 450,0 mln. manatdan çoxu üzrə müvafiq düzəlişlər edilmişdir.
Beləliklə, 2025-ci ildə ümumilikdə 110,1 mln. manat dövlət vəsaitinin bərpası təmin edilmiş, bundan əlavə, pre-auditlər zamanı əhəmiyyətli məbləğdə artıq xərclərin qarşısı alınmış, müqavilələrin azaldılması təmin olunmuşdur.
Nəzarət tədbirlərinin yekunu olaraq, diqqətinizi daha bir məqama yönəltmək istərdim.
İlk dəfə olaraq nəzarət tədbirlərinin nəticələrinə əsasən sahələr üzrə ən vacib hesab etdiyimiz 25 əsas nəticə və 10 əsas təklifi fəaliyyət hesabatımıza daxil etmişik. Hesab edirik ki, aktuallıq və əhəmiyyətlik baxımından seçilən nəticə və təkliflərdir.
Hörmətli millət vəkilləri!
lll. Fəaliyyət barədə hesabatlılığın 3-cü istiqaməti kimi müəyyənləşdirdiyimiz dövlət maliyyəsinin idarəedilməsində, o cümlədən büdcə prosesində iştirak ilə çıxışıma davam edirəm.
Qanunvericiliyin tələblərindən irəli gələrək, 2025-ci ildə dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.
Hesabat ilində dövlət büdcəsinin icrasına və layihəsinə verilmiş rəylərlə aşkarlanmış cəmi uyğunsuzluq məbləği 884,9 mln. manat müəyyən edilmişdir. Bu məbləğ əsasən xərclərin VBT-yə uyğun proqnozlaşdırılmaması və icrası, gəlirlərin ikili uçotu və tanınmaması ilə bağlı olmuşdur.
Rəylərin tərtibi zamanı yerli qanunvericilik, beynəlxalq standartlar, nüfuzlu fiskal diaqnostika alətlərinin tələbləri diqqətdə saxlanmış, dövlət maliyyəsi üçün risklər və uyğunsuzluqlar göstərilməklə onların aradan qaldırılması yollarını ehtiva edən tövsiyələr yer almışdır. Bu tövsiyələrdən 45-i tam və ya qismən nəzərə alınmışdır. Hesablama Palatasının tövsiyələr əsasında 2026-cı ilin dövlət büdcəsinin layihəsində dövlət büdcəsi xərclərinin funksional və iqtisadi təsnifatında 800,0 mln. manatdan çox uyğunsuzluq aradan qaldırılmışdır.
Xüsusi vurğulamaq istərdim ki, rəylərin tərtibi zamanı aidiyyəti qurumlarla intensiv əməkdaşlığın aparılması büdcə sənədləşməsinin tərtibi zamanı müvafiq düzəlişlərin edilməsinə imkan yaratmışdır.
lV. İndi isə Beynəlxalq fəaliyyət – Audit diplomatiyası istiqaməti üzrə əhəmiyyətli məqamlarla sizi tanış etmək istərdim. Hesabat ilində beynəlxalq ali audit orqanları cəmiyyətində fəal iştirakımızla seçilmiş və aşağıdakı nailiyyətləri əldə etmişik:
• Həmkar ali audit orqanları (Türkiyə və Qazaxıstan) ilə müxtəlif mövzularda paralel auditlər aparılmış;
• Fəaliyyətimizin həmkar qiymətləndirilməsi aparılmış (Səudiyyə Ərəbistanı), nəticədə fəaliyyətin beynəlxalq standartların tələblərinə tam uyğun olduğu müəyyən edilmiş;
• INTOSAI-ın XXV Konqresində, MDB-yə üzv dövlətlərin ali audit orqanlarının Rəhbərləri Şurasının XXI sessiyasında, TURKSAI-ın yaradılmasında iştirak təmin edilmişdir.
• Həmkar ali audit orqanına (Tacikistan) strateji sənədlərin hazırlanması üzrə dəstək göstərilməsi davam etdirilmiş;
• Hesablama Palatasının cari ildə ilk dəfə ev sahibliyi etdiyi ASOSAI İdarə Heyətinin 62-ci illik toplantısında və ASOSAI-ARABOSAI birgə toplantısı zamanı “İqlim dəyişikliyinə audit vasitəsi ilə reaksiya” və “Auditdə Süni İntellektdən istifadə” mövzusunda ali audit orqanlarının qarşılaşdıqları çətinliklər və əldə olunmuş nailiyyətlər barədə çoxsaylı təqdimatlar edilmiş və qabaqcıl təcrübələrinin fəaliyyətdə nəzərə alınması barədə təşəbbüslər edilmişdir.
İndi isə ötən il qurulmasına başladığımız rəqəmsal audit sistemi barədə məlumat vermək istərdim. Bu informasiya sistemi qanunvericiliklə müəyyən edilmiş hesabatların və məlumatların mübadiləsi, emalı, verilənlərin ssenarilər əsasında təhlili vasitəsilə fəaliyyətimizin səmərəliliyini artıracaqdır. İlkin mərhələdə artıq bəzi işləri həyata keçirmişik.
2025-ci ildəki fəaliyyətimiz üçün 9,8 mln. büdcə manatı xərcləmişik. Hesablama Palatasının hesabat ili üzrə maliyyə hesabatlarının auditi Qazaxıstan ali audit orqanı tərəfindən aparılmış və müsbət rəy verilmişdir.
Hörmətli millət vəkilləri!
İndi isə 2026-2030-cu illəri əhatə edən Strateji Planımızdan irəli gələrək 2026-cı il üçün müəyyənləşdirdiyimiz əsas vəzifələr barədə məlumat vermək istərdim.
2026-cı ildə 45 audit planlaşdırmışıq, Türkiyə və Pakistan ali audit orqanları ilə paralel auditlərin aparılmasını, INTOSAI-ın Dövlət Satınalmalarının Auditi üzrə İşçi Qrupunun və TURKSAI-ın illik toplantısına ev sahibliyinin təşkil edilməsini nəzərdə tutmuşuq.
Hesablama Palatasında cari ildə rəqəmsallaşma ilə bağlı fəaliyyət yeni keyfiyyət mərhələsinə qədəm qoyacaq. Belə ki,
Risk/analitik modulun tətbiqi (120-dən çox meyar əsasında) qiymətləndirmələrin aparılması və qurumlara nəticələrin təqdim edilməsini;
Məlumat əsaslı qərar qəbul edilməsinə yönəlmiş modelin tətbiqini nəzərdə tuturuq.
Növbəti mərhələdə süni intellektin tətbiqi ilə audit prosesinin fiziki məkandan asılılığını azaltmaq, audit olunan qurumlar ilə məlumat mübadiləsini əsasən elektron platforma üzərindən təmin etməyi hədəfləyirik.
Hörmətli millət vəkilləri!
Azərbaycan Respublikasında fiskal siyasətin təkmilləşdirilməsi, dövlət maliyyəsinin idarəedilməsi və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılması, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi tapşırıqlar dövlət orqanlarının, o cümlədən Hesablama Palatasının məsuliyyətini bir qədər də artırmaqla onun qarşısında yeni vəzifələr müəyyən etmişdir. Hesablama Palatası olaraq, cənab Prezidentin tapşırıqlarını rəhbər tutaraq, qanunvericiliklə müəyyən edilmiş vəzifələrin tam və effektiv icrası istiqamətində səylərimizi davam etdirəcəyik.
Sonda sizə il ərzində müxtəlif müstəvilərdə bizimlə fəal əməkdaşlıq etdiyiniz üçün təşəkkür edir, səsləndirəcəyiniz fikirlərin fəaliyyətimiz zamanı diqqətdə saxlanılacağını bildirirəm.
Diqqətinizə görə təşəkkür edirəm!