Pakistan, valyuta ehtiyatlarını gücləndirmək məqsədilə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyindən əldə edilən 3 milyard dollarlıq fondun 1 milyard dollarlıq ikinci tranşını qəbul edib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistan Mərkəzi Bankı (SBP) ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabında mövzu ilə bağlı paylaşım edib.
Paylaşımda qeyd olunub: “Pakistan Mərkəzi Bankı 20 aprel 2026 tarixi etibarilə Səudiyyə Ərəbistanının Maliyyə Nazirliyindən 1 milyard ABŞ dolları məbləğində vəsait alıb. Bu, Səudiyyə Ərəbistanı ilə yaxın zamanda razılaşdırılmış 3 milyard dollarlıq fondun ikinci tranşıdır.”
Dawn qəzetinin xəbərində Pakistanın valyuta ehtiyatlarının artan xarici ödəniş öhdəlikləri və idxal xərcləri səbəbindən təzyiq altında olduğu vurğulanıb.
Pakistan 15 apreldə Səudiyyə Ərəbistanından birinci tranş olaraq 2 milyard dollar məbləğində vəsait əldə etdiyini bildirmişdi.
Pakistan Baş naziri Şahbaz Şərif maliyyə vəsaitinin köçürülməsi məsələsini 14 apreldə Ciddədə Səudiyyə Ərəbistanının Vəliəhd Şahzadəsi Məhəmməd bin Salman ilə müzakirə etmişdi.