"Antalya Diplomatiya Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş region üçün mühüm siyasi və strateji əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu görüş, ilk növbədə, Azərbaycan–Türkiyə münasibətlərinin artıq klassik müttəfiqlikdən daha yüksək – strateji tərəfdaşlıq və faktiki ittifaq səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirir:
"Liderlərin mütəmadi təmasları iki ölkə arasında siyasi koordinasiyanın nə qədər dərin olduğunu göstərir və bu, regional sabitlik baxımından mühüm amildir.
Görüşün əsas əhəmiyyəti həm də geosiyasi kontekstdə özünü göstərir. Cənubi Qafqazda post-münaqişə dövründə yeni reallıqların formalaşdığı bir vaxtda Bakı və Ankara arasında sıx dialoq regionda güc balansının qorunmasına xidmət edir. Xüsusilə nəqliyyat dəhlizləri, enerji təhlükəsizliyi və iqtisadi inteqrasiya məsələləri bu əməkdaşlığın strateji sütunlarını təşkil edir. Bu baxımdan, Zəngəzur dəhlizi kimi layihələrin müzakirəsi regionun gələcək iqtisadi xəritəsinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Digər tərəfdən, bu görüş türk dünyasının birliyi kontekstində də xüsusi əhəmiyyət daşıyır. Azərbaycan və Türkiyə tandeminin güclənməsi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də daha geniş platformalarda – xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanı sürətləndirir. Bu isə türk dövlətlərinin qlobal siyasətdə daha koordinasiyalı çıxış etməsinə zəmin yaradır. Nəhayət, görüş beynəlxalq mesaj xarakteri daşıyır. Qlobal və regional güclərə açıq şəkildə göstərilir ki, Ankara və Bakı strateji məsələlərdə vahid mövqedən çıxış edir və qarşılıqlı dəstək prinsipi dəyişməz olaraq qalır. Bu isə həm siyasi, həm də təhlükəsizlik baxımından regionda yeni güc mərkəzinin formalaşdığını təsdiqləyir. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında Antalyada baş tutan bu görüş yalnız cari məsələlərin müzakirəsi deyil, həm də uzunmüddətli strateji xəttin möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir".