“Azərbaycan yeni geosiyasi reallıqlar fonunda "çevik orta güc" modelini formalaşdırır” - Rizvan Nəbiyev

21 Aprel 2026 11:56 (UTC+04:00)

“Azərbaycan öz ərazilərinin işğalına son qoymaqla Cənub Qafqazda yeni geosiyasi reallıqların əsasını yaratdı və bu gün regional siyasi gündəm məhz bu yeni status-kvo üzərindən müəyyənləşdirilir”.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Rizvan Nəbiyev plenar iclasda çıxışı zamanı deyib.

Deputat bildirib ki, yeni reallıqların ən mühüm nəticələrindən biri Ermənistanın siyasi gündəmində dəyişikliklərin baş verməsidir: “Bu gün Ermənistanın baş naziri normallaşma və sülh gündəliyi ilə seçkilərə gedir”.

Rizvan Nəbiyev qeyd edib ki, Yaxın Şərqdəki hərbi əməliyyatlar və Rusiya-Ukrayna müharibəsi beynəlxalq münasibətlər sistemində ciddi transformasiyalardan xəbər verir.

O vurğulayıb ki, Prezident İlham Əliyevin çoxşaxəli siyasəti yalnız dəyişikliklərə uyğunlaşmaq deyil, eyni zamanda region üçün yeni siyasi çərçivə formalaşdırmaq məqsədi daşıyır.

Deputat əlavə edib ki, Azərbaycanın “çevik orta güc” modeli hərbi bloklara qoşulmamaq, balanslı siyasət yürütmək və müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq qurmaq prinsiplərinə əsaslanır.

Rizvan Nəbiyev bildirib ki, bu yanaşma ölkəyə daha az resursla daha geniş təsir imkanları yaradır və dəyişən geosiyasi çağırışlara uyğun çevik diplomatik manevr qabiliyyəti təmin edir.

O qeyd edib ki, Türkiyə və Pakistanla əməkdaşlıq formatları, eləcə də Mərkəzi Asiya platformalarında iştirak Azərbaycanın regional və qlobal mövqelərini gücləndirir.

Deputat vurğulayıb ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi bu siyasətin praktik nəticəsidir. Bu çərçivədə ABŞ rəsmisi Cey Di Vensin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Bakıya səfərləri əməkdaşlığın geniş perspektivlərini göstərir.

Rizvan Nəbiyev həmçinin Avropa İttifaqının “Qlobal Qapı” strategiyasına Azərbaycanın daxil edilməsini mühüm addım kimi qiymətləndirib.

Deputat çıxışında Belçika və Niderland parlamentlərinin qəbul etdiyi qətnamələri qətiyyətlə rədd etdiyini bildirib.

O əlavə edib ki, Antalya Diplomatiya Forumu müasir diplomatiyanın vacib platformalarından biridir və Azərbaycanın bu forumda iştirakı ölkənin diplomatik təsir imkanlarını artırır.

Rizvan Nəbiyev qeyd edib ki, Azərbaycan bu platforma vasitəsilə yalnız iştirakçı deyil, həm də yeni diplomatik arxitekturanın formalaşmasında fəal rol oynayan aktora çevrilir.