“Türkiyənin Antalya şəhərində keçirilən 5-ci Antalya Diplomatiya Forumunun açılış mərasimi müasir beynəlxalq münasibətlər sistemində dialoq, əməkdaşlıq və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tədbirdə iştirakı ölkəmizin beynəlxalq nüfuzunun və diplomatik fəallığının növbəti təzahürü kimi xüsusi qeyd olunmalıdır:
”Dövlət başçısının forumda iştirak etməsi Azərbaycanın qlobal siyasi proseslərə verdiyi önəmin göstəricisidir.
Bu gün Azərbaycan balanslaşdırılmış və müstəqil xarici siyasət həyata keçirərək həm regionda, həm də daha geniş coğrafiyada etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin təşəbbüsləri enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin inkişafı və regional əməkdaşlığın gücləndirilməsi kimi mühüm sahələri əhatə edir. Belə bir şəraitdə Azərbaycanın beynəlxalq forumlarda iştirakı həm siyasi, həm də iqtisadi və strateji maraqlarımızın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Antalya Diplomatiya Forumu müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini, beynəlxalq təşkilatların rəhbərlərini və nüfuzlu ekspertləri bir araya gətirərək aktual qlobal məsələlərin müzakirəsi üçün mühüm platforma rolunu oynayır. Bu forum çərçivəsində aparılan fikir mübadiləsi beynəlxalq təhlükəsizlik, sülh quruculuğu, çoxtərəfli əməkdaşlıq və yeni geosiyasi reallıqların dəyərləndirilməsi baxımından əhəmiyyətlidir.
Hesab edirəm ki, Antalya Diplomatiya Forumu kimi mötəbər platformalarda Azərbaycanın fəal iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunun və təşəbbüskarlığının bariz göstəricisidir. Bu iştirak Azərbaycanın regional və qlobal proseslərdə söz sahibi kimi çıxış etdiyini təsdiqləməklə yanaşı, milli maraqlarımızın qorunması və irəli sürülməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin uğurlu nəticələrini də aydın şəkildə nümayiş etdirir”.