“Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənir. Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv yanaşmanın təzahürüdür”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, qətnamələrdə Azərbaycanın guya Ermənistan ərazilərini “işğal etməsi” ilə bağlı iddialar tam əsassızdır və faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır. Onun sözlərinə görə, regionda real vəziyyət bu iddiaların əksini göstərir: “Son iki ildə Azərbaycan-Ermənistan sərhədində ən sabit dövr yaşanır və bu, Ermənistan rəsmiləri tərəfindən də etiraf olunur”.
O qeyd edib ki, sənədlərdə bölgədə süni gərginlik görüntüsü yaradılmağa çalışılır və bu, sülh prosesinə mane olmaq məqsədi daşıyır. Deputat əlavə edib ki, Ermənistanla sülh müqaviləsi üzrə əldə olunan irəliləyişlər və Vaşinqton prosesi qəsdən nəzərə alınmayıb.
Deputat vurğulayıb ki, bu qətnamələrin məhz sülh danışıqlarının intensivləşdiyi dövrdə qəbul edilməsi onların əsl məqsədini açıq şəkildə göstərir: “Məqsəd sülhə töhfə vermək deyil, əksinə, prosesə kölgə salmaq və regionda yeni gərginlik yaratmaqdır”.
O həmçinin bildirib ki, Belçikanın siyasi dairələrinin Azərbaycana qarşı qərəzli mövqeyi uzun illərdir davam edir və bu, müxtəlif beynəlxalq platformalarda da özünü göstərir.
Deputat sonda təkliflə çıxış edib: “Əgər əməkdaşlıq mexanizmləri qarşı tərəf tərəfindən siyasi alətə çevrilirsə və dialoq formal xarakter daşıyırsa, bu halda Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması məqsədəuyğun olar”.