İnsanlara kənd toyuğu adı ilə broyler satılır? - EKSPERT AÇIQLADI

20 Aprel 2026 17:07 (UTC+04:00)

Son illər bir çox rayonda vətəndaşlar tərəfindən həyətlərdə kənd toyuğu adı altında broyler toyuqlarının saxlanılması ilə bağlı müzakirələr artmaqdadır. İddialara görə, bu toyuqlara xüsusi iynələr vurulur və qısa müddət ərzində onların çəkisi sürətlə artırılır. Nəticədə bazara çıxarılan məhsul xarici görünüşcə kənd toyuğuna bənzəsə də, əslində sürətlə böyüdülmüş broyler olur. Bu məsələ cəmiyyət arasında həm sağlamlıq, həm də istehlakçı hüquqları baxımından narahatlıq doğurur. Xüsusilə, dərman və ya digər maddələrin nəzarətsiz istifadəsi ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələri daha da gücləndirir. Bəs, həqiqətən də kənd toyuğu adı ilə insanlara broyler satılır?

Məsələ ilə bağlı qida eksperti Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, uzun illərdir mövzu aktuallığını qoruyur:

“Yol kənarlarında, hətta sosial şəbəkələrdə təmiz kənd toyuğu adı altında satılan məhsulların sayı artır. Bir istehlakçı olaraq aldanmamalıyıq. Şəhərdə yaşadığımız üçün kənd toyuğu deyəndə ağıla sağlamlıq, təbiilik gəlir. Bu bəzi işbazlar üçün bir fürsətdir. Süni şəkildə böyüdülmüş quşları kənd məhsulu kimi təqdim edirlər. Bəziləri zənn edir ki, toyuqlara iynə vurulub bir gecədə böyüdülür. Heç bir iynə, dərman bir canlını bir neçə saata böyüdə bilməz. Müasir broyler toyuqları onilliklər boyu aparılan seleksiya nəticəsidir. Onların genetikası elə qurulub ki, yüksək kalorili yemlərlə 40-45 günə kəsim çəkisinə çatırlar. Hormon istifadəsi həm çox bahalıdır. Həm də toyuğun ürəyi bu sürətli inkişafa tab gətirə bilmir. Problem iynə deyil. Problem genetikası sürətli böyüməyə proqramlaşdırılmış quşun bizə təbii, yavaş böyüyən kənd toyuğu kimi satılmasıdır.

Çoxlarımız da elə bilir ki, toyuq həyətdə gəzirsə, o mütləq sağlamdır. Bu həmişə belə deyil. Sənaye müəssisələrində toyuqlar ciddi baytarlıq nəzarəti altında olur. Beynəlxalq qida təhlükəsizliyi standartları tətbiq edilir. Amma fərdi həyətlərdə saxlanılan toyuqlara xəstələnməməsi üçün nəzarətsiz şəkildə antibiotiklər verilir. Ən qorxulu məqam odur ki, bu antibiotiklərin orqanizmdən təmizlənmə müddəti gözlənilmədən toyuq kəsilir, satışa çıxarılır. Biz o əti yedikdə, antibiotik qalıqları bizim orqanizmimizə keçir.
İşbazlar broyler cücələrini alıb bir neçə həftə həyətdə saxlayırlar. Onlara qarğıdalı, ot verərək dərilərinin saralmasına nail olurlar. Hərəkət etdikləri üçün əzələləri bərkiyir. İstehlakçı olaraq sarı dərini və bərk əti görüb onun həqiqi kənd toyuğu olduğunu zənn edir. Genetik olaraq yenə də eyni broyler dir.
Kənd toyuğu alanların etdiyi ən böyük səhv gigiyena qaydalarıdır. Küçədən, sanitar sənədi olmayan yerlərdən alınan toyuqlarda salmonella və campylobacter kimi zəhərlənməyə səbəb olan bakteriyaların olma ehtimalı yüksəkdir. Toyuğu kranın altında yumamalıyıq. Sıçrayan su damcılar vasitəsilə bakteriyalar mətbəx dəsmallarına, bıçaqlara və digər qidalara yayılır.
Kənd toyuğunun sümüyü bərk olur. Əgər sümük əllə asanlıqla qırılırsa, bu, gənc broylerdir. Broylerin döşü genetik olaraq çox enli və ətli olur. Kənd toyuğunun döş hissəsi isə daha ensiz, sümüklü qurluşa sahibdir. Əsl kənd toyuğu ən azı 2 saata bişir. 40 dəqiqəyə yumşalan toyuq kənd toyuğu ola bilməz”.