Kredit öhdəliklərinin yerinə yetirilməsi hər bir vətəndaş üçün önəmli məsələdir. Lakin bəzən şəxsi və ya kütləvi səbəblərdən bu öhdəliklər icra olunmaya bilər. Dünya təcrübəsində belə hallarda kreditlərin dondurulması və ya tətillərin verilməsi praktikası mövcuddur. Bəs, görəsən bu mexanizmlər Azərbaycanda da tətbiq edilirmi?
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlamasında bildirib ki, kredit öhdəliklərinin vaxtında yerinə yetirilməsi maliyyə sabitliyinin əsas sütunlarından biridir:
"Lakin qlobal iqtisadi dalğalanmalar, sosial risklər və fövqəladə hallar fonunda borcalanların bu öhdəlikləri icra etmək imkanları bəzən ciddi şəkildə məhdudlaşır. Belə hallarda bir çox ölkədə tətbiq edilən kredit tətilləri və ya kreditlərin müvəqqəti dondurulması mexanizmi aktuallaşır. Azərbaycanda isə bu sahədə vəziyyət çox fərqlidir. Hazırkı qanunvericiliyə əsasən, kredit tətilləri ayrıca hüquqi mexanizm kimi təsbit olunmayıb.Təsbit edilməsi barədə də heç bir düşüncə yoxdur, zənnimcə.Kredit münasibətləri əsasən müqavilə prinsipləri üzərində qurulduğundan, ödənişlərin təxirə salınması və ya şərtlərin dəyişdirilməsi yalnız tərəflər arasında razılaşma əsasında mümkündür. Bu isə o deməkdir ki, kredit tətilləri ölkədə sistemli və avtomatik tətbiq edilən alət deyil və bundan sonra da edilməyəcək. Praktikada bank sektoru müəyyən çevik yanaşmalar tətbiq edir. Ən geniş yayılmış mexanizm kreditlərin restrukturizasiyasıdır. Bu çərçivədə kredit müddətinin uzadılması, aylıq ödənişlərin azaldılması və ya müəyyən dövr üçün əsas borcun ödənişinə fasilə verilməsi kimi addımlar atılır. Ayrı-ayrı hallarda isə banklar fərdi qaydada qısamüddətli kredit tətili tətbiq edə bilirlər.
Xüsusilə qeyd etməliyəm ki, fövqəladə iqtisadi və sosial vəziyyətlərdə tənzimləyici qurumların tövsiyələri ilə bank sektorunda daha yumşaq yanaşmalar müşahidə olunub. Nümunə kimi qeyd edim, pandemiya dövründə borcalanlara dəstək məqsədilə restrukturizasiya imkanları genişləndirilib və cərimə mexanizmlərinə daha elastik yanaşılıb. Lakin bu addımlar davamlı mexanizm deyil, situativ xarakter daşıyırdı. Beynəlxalq təcrübə göstərir ki, bir çox ölkələrdə kredit tətilləri dövlət siyasətinin bir hissəsi kimi qanunvericiliklə tənzimlənir və kütləvi tətbiq olunur. Bu yanaşma sosial yükün azaldılmasına və iqtisadi aktivliyin qorunmasına xidmət edir. Bizdəki reallıq isə onu göstərir ki, Azərbaycanda kredit tətilləri sahəsində daha sistemli və institusional mexanizmlərin yaradılması məsələsi aktuallığını qoruyur. Bu istiqamətdə hüquqi çərçivənin təkmilləşdirilməsi həm borcalanların müdafiəsi, həm də bank sektorunun dayanıqlılığı baxımından balanslı həllərin formalaşmasına töhfə verə bilər. Hazırda Azərbaycanda kredit tətilləri daha çox fərdi yanaşmalar və bazar mexanizmləri çərçivəsində tətbiq olunur. Gələcəkdə isə bu sahədə daha aydın və sistemli qaydaların müəyyən edilməsi iqtisadi sabitliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".