“Yayda meyvələrin qiyməti ürək ağrıda bilər”

20 Aprel 2026 12:47 (UTC+04:00)

Bazarın səssiz dili var, qiymətlər. Bu il isə o dil daha sərt danışır. Gübrələrin bahalaşması fermerin belini bükdü, ardınca gələn aramsız yağışlar isə bağlara sanki ikinci zərbə vurdu. Çiçək açan ağaclar zərər gördü, məhsul ümidləri isə su altında qaldı.

Əslində, bu proses gözlənilməz deyil, amma təsiri daha ağır hiss olunur. Gübrə qiymətlərinin artması fermerləri xərcləri azaltmağa məcbur edir. Bu isə birbaşa məhsuldarlığa təsir göstərir. Torpaq əvvəlki kimi bol məhsul vermir, ağaclar zəifləyir.

Üstəlik, yaz aylarında yağan intensiv yağışlar vəziyyəti daha da çətinləşdirdi. Meyvə ağaclarının çiçəkləmə dövründə yağan yağışlar məhsulun formalaşmasına mane oldu. Bir çox bağlarda məhsul ya azaldı, ya da tamamilə itdi.

Nəticədə yay aylarında bazarlarda təklifin azalması qaçılmaz görünür. Təklif azaldıqca isə qiymətlərin artması labüddür. Bu, sadəcə iqtisadi qanun deyil, həm də reallığın diktə etdiyi nəticədir.

Alıcı üçün bu, daha bahalı meyvə deməkdir. Amma məsələ yalnız bununla bitmir. Fermer üçün bu həm də çəkilən zəhmətin qarşılığını tam ala bilməmək, bəzən isə zərərlə işləmək deməkdir.

Bu yay bazarlarda gördüyümüz hər meyvənin arxasında həm təbiətin sərt üzü, həm də iqtisadi çətinliklər dayanacaq. Qiymətlər yalnız rəqəm deyil ,onlar bir mövsümün çətin hekayəsini danışır”.