Valideynlər övladlarına ad seçərkən xarici adlara niyə üstünlük verirlər - AÇIQLANDI

20 Aprel 2026 12:39 (UTC+04:00)

“Ad təkcə səslənən bir söz deyil, o həm də mədəni kodların daşıyıcısıdır”. Bu sözləri SİA-ya açıqlamasında Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədr müavini Gülyaz Əliyeva deyib.

O bildirib ki, bu baxımdan uşağa verilən ad sadəcə fərdi zövq məsələsi və ya çağırış vasitəsi kimi qəbul olunmamalıdır: “Ad kimlikdir, yaddaşdır, mədəniyyətin daşıyıcısıdır. Hər bir insana verilən ad, əslində, onun gələcəkdə özünü necə tanıdacağına, hansı köklərə bağlanacağına və hansı dəyərlərlə böyüyəcəyinə dair ilk mesajdır.

Adlarla dilçiliyin onomastika şöbəsi məşğul olur. Onomastika antropologiya ilə də sıx bağlıdır. Lakin bu mövzu təkcə dil məsələsi deyil – burada mədəni davamlılıq və gələcək nəsillərin kimlik şüuru məsələsi də dayanır.

Azərbaycan xalqı tarixən ad qoymağa ciddi yanaşıb, adla onu daşıyan şəxs arasında məna və məzmun bağlılığına xüsusi diqqət yetirib. Milli kimliyimizin bir parçası kimi “Kitabi-Dədə Qorqud” dastanında da görürük ki, qədim oğuzlar uşaqlara doğulan kimi deyil, müəyyən mərhələdən sonra, göstərdiyi igidliyə və davranışına uyğun ad verirdilər. “Qazan”, “Buğac”, “Beyrək” kimi adlar bu baxımdan maraqlı nümunələrdir.

Bəs bu gün vəziyyət necədir? Bu gün biz uşağa ad qoyarkən onun məna yükünə kifayət qədər diqqət yetiririkmi? Təəssüf ki, qloballaşma milli adlarımıza təsirsiz ötüşməyib. Son illərin müşahidələri göstərir ki, bəzi valideynlər övladlarına ad seçərkən mənasını bilmədikləri xarici adlara üstünlük verirlər. Bu tendensiyanın formalaşmasında xarici seriallar, filmlər və cizgi qəhrəmanlarına olan maraq da rol oynayır.

Lakin unudulmamalıdır ki, uşağa verilən ad gələcəkdə onun psixologiyasına təsir edə bilər. Azərbaycanda son dövrlərdə qoyulan Maya, Dominik, Aleyna, Alaz, Dalia, İton, Elva, İyad, Kira, Zira kimi adlar göstərir ki, valideynlər bəzən seçdikləri adların mənasını bilmirlər. Hətta aparılan sadə sorğular zamanı uşaqların bir çoxunun öz adlarının mənasını bilmədiyi, bəzən valideynlərin də bu barədə məlumatsız olduğu üzə çıxır.

Bu isə ad məsələsinə kifayət qədər məsuliyyətlə yanaşılmadığını göstərir. Halbuki ad yalnız səslənməsinə görə deyil, həm də məna yükünə, milli kimliyə xidmət etməsinə görə seçilməlidir. Adlar milli kodlarımızı gələcək nəsillərə ötürən mühüm vasitədir.

Digər tərəfdən, düşünülmədən seçilən adlar uşaqların gələcəkdə psixoloji təzyiqə məruz qalmasına, hətta ətraf mühitdə lağ obyektinə çevrilməsinə səbəb ola bilər. Bu baxımdan valideynlər qoyduqları adların həm mənasını, həm də sosial təsirini mütləq araşdırmalıdırlar.

Tarixə nəzər salsaq, sovet dövründə də qeyri-adi adlara rast gəlinirdi: Kolxoz, Traktor, Kombayn, Şokolad, Konfet və s. Lakin bu gün xarici adlara meyl daha geniş yayılıb. Bəzi valideynlər ad seçərkən kifayət qədər diqqətli olmur, səslənməyə aldanaraq qərar verirlər.

Xarici ad seçiləcəksə belə, onun tələffüzü, mənası, uşağın gələcək həyatında yarada biləcəyi çətinliklər və psixoloji təsiri nəzərə alınmalıdır. Təəssüf ki, bəzən Türkiyədə populyar olan adlar da mənası araşdırılmadan olduğu kimi götürülür. Məsələn, Alina adı səslənməsi baxımından cəlbedici olsa da, onun mənası hər zaman valideynlərin düşündüyü kimi müsbət məna daşımaya bilər.

Nəticə etibarilə, ad seçimi məsuliyyətli qərardır. Bu seçim yalnız bu gün üçün deyil, uşağın bütün həyatı üçün verilmiş bir qərardır. Ona görə də valideynlər ad qoyarkən tələsməməli, onun mənasını, mədəni və psixoloji təsirlərini dərindən düşünməlidirlər”.

Ayşən Vəli