“Dünyada baş verən hadisələri qiymətləndirmək və gələcək vəzifələri müəyyən etmək baxımından Antalya Diplomatik Forumu mühüm platformadır. 5-ci diplomatik forumda 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, həmçinin 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs iştirak edir. Bu, tədbirin əhəmiyyətini bir daha təsdiqləyir”.
Bu sözləri SİA -ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, Bu forum çərçivəsində geosiyasi reallıqlar, qlobal gərginliklər, dəyişən güc balansları, ticarət, energetika və nəqliyyat kimi vacib məsələlər müzakirə olunur, müharibə və qarşıdurmaların səbəbləri araşdırılır və gələcək perspektivlər müəyyənləşdirilir:
“Prezident İlham Əliyevin foruma dəvət olunması və aktiv iştirakı Azərbaycana göstərilən etimadın və onun beynəlxalq nüfuzunun göstəricisidir. Prezidentin müxtəlif ölkə rəhbərləri ilə keçirdiyi görüşlər dövlətimizin xarici siyasətinin uğurunu əks etdirir.
Forum çərçivəsində Rəcəb Tayyib Ərdoğan və digər liderlərlə keçirilən görüşlər xüsusilə diqqət çəkmişdir. Bu görüşlərdə regional əməkdaşlıq, təhlükəsizlik və inkişaf məsələləri müzakirə olunmuşdur.
Bu gün dünya ölkələri Azərbaycanın təşəbbüslərinə böyük önəm verir. Çünki bu təşəbbüslər beynəlxalq sabitliyin, əməkdaşlığın və qarşılıqlı münasibətlərin möhkəmləndirilməsinə yönəlib. Ermənistan–Azərbaycan münasibətlərində normallaşma prosesi, humanitar təşəbbüslər və qlobal məsələlərə həssas yanaşma Azərbaycan diplomatiyasının mühüm uğurları hesab olunur.
Azərbaycan və Türkiyə yalnız dost və qardaş ölkələr deyil, həm də çətin və xoş günlərdə bir-birinə dəstək olan iki dövlətdir. Türkiyə Prezidenti çıxışında Ermənistanla normallaşma prosesinin Azərbaycanla koordinasiyalı şəkildə aparıldığını vurğulamışdır ki, bu da ölkəmizə verilən yüksək dəyərin göstəricisidir.
Prezident İlham Əliyev də çıxışında münasibətlərin yaxşılaşdırılmasının vacibliyini qeyd etmiş və bu istiqamətdə atılan addımların regionda sülh və sabitliyə xidmət etdiyini bildirmişdir. İki qardaş ölkənin liderlərinin görüşü gələcək inkişaf üçün geniş perspektivlər açır”.