"Səfər stresi tamamilə təbii bir haldır və onu tam şəkildə aradan qaldırmaq mümkün deyil. Bu da normaldır. Çünki insan yeni mühitə gedir, qeyri-müəyyənliklə qarşılaşır və bu da müəyyən dərəcədə gərginlik yaradır".
Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, artıq stress və ya depressiya vəziyyətində olan insanlar üçün səfərə hazırlaşmaq belə çətin olur: "Bu halda əsas məqsəd stressi tamamilə yox etmək deyil, onu idarə etməyi öyrənməkdir.
Bunun üçün ən effektiv yanaşmalardan biri düzgün planlaşdırmadır. Amma burada çox detallı və yorucu plan qurmaq əvəzinə əsas məsələləri müəyyənləşdirmək kifayətdir: uçuş vaxtı, qalacağınız yer, gedəcəyiniz məkanlar və görüşəcəyiniz insanlar.
Eyni zamanda, əşyaları əvvəlcədən toplamaq çox vacibdir. Çünki “nəsə yaddan çıxar” qorxusu insanlarda əlavə stress yaradır. Bu kimi xırda narahatlıqlar zamanla yığılıb daha böyük gərginliyə səbəb ola bilər.
Bəzi hallarda insanlar səfər öncəsi xroniki yorğunluq, təşviş və narahatlıq hiss edə bilirlər. Halbuki səyahətin əsas məqsədi məhz bu yorğunluğu azaltmaq və ruhu dincəltməkdir.
Qısa müddətli səfərlər, məsələn, həftəsonu istirahətləri insan üçün bir növ “psixoloji yenilənmə bazası” yaradır. Bu təcrübə gələcək səfərlərə daha rahat yanaşmağa kömək edir.
Əlbəttə, bəzən fors-major hallar da baş verə bilər və bu, səfərin rahatlığını poza bilər. Amma ümumilikdə səyahət insanın həm psixoloji, həm də emosional vəziyyətinə müsbət təsir göstərir.
İnsanlar çox vaxt sadəcə getmək üçün deyil, gördüklərini hiss etmək, yeni mühitləri yaşamaq və gündəlik həyatın stresindən uzaqlaşmaq üçün səyahət edirlər. Xüsusilə məzuniyyət dövründə bu, həm yadda qalan xatirələr yaradır, həm də insanın daxili balansını bərpa edir".